AŞPA ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli mövqeyi sarsıtmağa çalışır – RƏYbackend

AŞPA ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli mövqeyi sarsıtmağa çalışır – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AŞPA ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli və obyektiv mövqeyi sarsıtmağa çalışır.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev qurumun Maltada keçirilən Büro iclasını şərh edərkən deyib.

Deputat bildirib ki, indiyə qədər heç bir ölkədə keçirilən seçkilər ATƏT PA-nın aidiyyəti strukturlarında iki dəfə müzakirə edilməyib:

“Bildiyiniz kimi, ATƏT PA-nın Skandinaviya və Baltikyanı ölkələrdən – Danimarka, Finlandiya, Norveç, İsveç, İslandiya, Estoniya və Litvadan olan nümayəndə heyətlərinin rəhbərləri qurumun prezidenti Pia Kaumaya rəsmi məktubla müraciət ediblər. Onlar Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələnin Büro iclasının gündəliyinə salınmasını tələb ediblər və ona görə də məsələ müzakirəyə çıxarılıb”.

O deyib Azərbaycandakı seçkilərin oktyabrın 2-də Daimi Komitədə müzakirə edilməsinə və seçkilərdən artıq üç ay keçməsinə baxmayaraq, bu məsələ Büro iclasının gündəliyinə daxil edilib. Məktubu imzalayanların bəziləri həm də AŞPA-da təmsil olunduqları üçün onlar ATƏT PA-nı AŞPA-nın çirkin oyunlarına alət etmək istəyirdilər.

O xatırladıb ki, məlumdur ki, cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsinə səs verən AŞPA-nın 26 ölkəsindən olan 76 deputatı haqlı olaraq arzuolunmaz şəxs elan edilib və onların Azərbaycana girişi qadağan olunub.

“Məktubda adları çəkilən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bu şəxslərin Azərbaycanın əleyhinə verdikləri bədnam qərarı əsaslandırmağa çalışırdılar. Onlar ölkəmizin maraqlarını və şərtlərini nəzərə almadan “arzuolunmaz” deputatlarla bağlı qərarın birtərəfli qaydada dəyişdirilməsi üçün ATƏT PA-nın çağırış etməsini və AŞPA ilə həmrəylik nümayiş etdirməsini istəyirdilər. Həmin məktubda onlar hətta Türkiyəni də tənqid etməyi unutmayıblar”, – o qeyd edib.

A.Quliyevin sözlərinə görə, bu, AŞPA-nın ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli və obyektiv mövqeyi sarsıtmağa, özünün yanlış siyasətinə bu qurumu da şərik etməyə yönəlmiş ilk cəhdi deyil:

“Belə ki qərəzli mövqeyinə görə Azərbaycanda bu il keçirilən hər iki seçkilərin müşahidəsinə dəvət edilməyən AŞPA ATƏT PA-nı seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi və onunla həmrəy olması üçün çirkin metodlara, o cümlədən şantaja əl atdı, lakin heç nəyə nail ola bilmədi. Bu dəfə də onların Azərbaycana qarşı “AŞPA oyunu” baş tutmadı və ATƏT PA-nın Bürosu yeddi ölkədən olan nümayəndə heyətinin qaldırdığı məsələni geri çevirdi”.

Komitə sədri bu şəxslərin növbəti iclaslarda Azərbaycan əleyhinə hər hansı yeni təşəbbüs irəli sürəcəklərini tam istisna etməyib:

“ATƏT PA-nın Prezidenti, bir sıra Büro üzvləri və Baş Katibi ilə müvafiq müzakirələr aparıldı. Azərbaycanın haqlı mövqeyi, yəni nümayəndə heyətimizin mandatı təsdiq olunmayana qədər məlum qərarın dəyişməsinin mümkünsüzlüyü qeyd edildi.

Ən əsası, AŞPA-nın yol verdiyi səhvlərə və ikili standartlara ATƏT PA-nın alət edilməsinin yolverilməzliyini həmkarlarımın diqqətinə çatdırdıqdan sonra Büro məktubda qaldırılan məsələyə baxmaqdan imtina etdi. Lakin Büronun növbəti iclaslarında bu məsələnin yenidən qaldırılması istisna deyil”.