“AŞPA qərar verdi ki, Ermənistan Azərbaycanı sudan məhrum etməsin, lakin…” – Deputatbackend

“AŞPA qərar verdi ki, Ermənistan Azərbaycanı sudan məhrum etməsin, lakin…” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin İnkişaf Proqramı proqnozlaşdırıb ki, 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqədar quraqlıqlar Azərbaycanda su təminatını 23 faiz azaldacaq. Yerli və beynəlxalq proqnozlara əsaslansaq görərik ki, bu problem getdikcə dərinləşəcək. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyinin səbəb olduğu bu vəziyyət daha çox kənd təsərrüfatında bahalaşmaya gətirib çıxarır.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Millət vəkili qeyd edib ki, artıq bölgələrdə fermerlər ölkədə iqlim dəyişikliyinin təsirini və ziyanını hiss edirlər:

“Xüsusilə su ehtiyatları isti və quru iqlimə sahib yarımsəhra zonalarında yerləşən rayonlarda çox vacib problemə çevrilib. Belə bölgələrdə susuzluq və quraqlıq əhalinin həyat fəaliyyətinə, onun iqtisadi gəlirinə çox kəskin şəkildə təsir göstərir”.

Müşfiq Cəfərov deyib ki, hazırda Azərbaycan regionun ən az su ehtiyatına malik ölkələrdən biridir:
“Bunun bir səbəbi artan tələbat, keçən quraqlıq və transsərhəd çaylardan gələn, suya mane olan düşmən dövlət və 2020-ci ildən başlayaraq Kürün suyunun səviyyəsinin kəskin çəkilməsidir. Kürün quruma təhlükəsi isə vəziyyəti daha da çətinləşdirə bilər. Bu çayın belə duruma düşməsinin əsas səbəbi həm bəzi şəxslərin özbaşınalığından, həm də qənaətsiz istifadədən irəli gəlir. Kür çayında suyun səviyyəsinin aşağı düşməsi Neftçala və Salyan rayonlarında yaşayan əhalinin sosial həyatında mənfi təsirləri hiss edilir”.

Deputat bildirib ki, Mingəçevir su anbarında düzgün planlama və proqnozlaşdırmanın olmaması da su problemini yaradan səbəblərdəndir: “Mingəçevir su anbarında vəziyyətin necə olduğunu yoxlamaq və vahid bölgü sistemi ilə rayonları israfçılıq etmədən su ilə təmin etmək lazımdır. Eyni zamanda 2012-ci ildə Salyan rayonunda dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən zavod inşa edilib. Bu zavodun fəaliyyətini genişləndirib təmiz suya olan tələbatı ödəmək olar”.

Müşfiq Cəfərov əlavə edib ki, “Sərsəng” su anbarının ermənilər tərəfindən istismarı və əkin vaxtı suyun qarşısının kəsilməsi də su problemini yaradan səbəblərdəndir: “Bu da kənd təsərrüfatına ciddi ziyan vurur. Bu məsələ ilə bağlı AŞPA “Azərbaycanın sərhədyanı əhalisi qəsdən sudan məhrum edilir” adlı məruzə üzrə qətnamə qəbul edib. Lakin Ermənistan buna da məhəl qoymur”.