Astarada naringi yığımı vaxtı fermerlər qeyri-adi təbiət hadisəsi ilə üzləşiblər
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, bu il Astaranın naringi bağlarında müşahidə olunan yüksək məhsuldarlıq heç də fermerlərin ürəyincə olmayıb. Fermerlər son yığım və satış zamanı problemlərlə üzləşiblər.
Belə ki, ucqar dağ kəndi olan Niləşədə ağaclarda qalan naringi meyvəsi çürüyüb və tamamilə yararsız hala düşüb. Fermerlərinə sözlərinə görə, rayon ərazisində hələ şaxtalı havalar düşməyib ki, deyək ki, bu şaxtadan olub.
Fermer Müşviq Hacıyev deyib ki, neçə ildir ki, bağlarından bol məhsul yığırlar, amma belə bir hala rast gəlməyiblər:
“Məhsul ağacda qalıb çürüsün, belə bir şey görməmişik. Adətən anbarda bayrama saxlayıb baha satmaq istədiyimiz meyvələr bir az çürüyərdi. Ağacda belə bir şey müşahidə etməmişdik. Təqribən 1-1,5 ton ziyan dəyib”.
Fermer onu da bildirir ki, əvvəlcə məhsula kiçik bir xal düşür:
“Bundan sonra məhsulun daxilində hansısa proses gedir və meyvə çürüməyə başlayır. Ağaca toxunanda meyvələr yerə tökülür. Hansı ki, biz naringini xüsusi qayçı ilə kəsib yığırıq”.
Fermer Qədim Hacıyevin sözlərinə görə, meyvə üzərinə düşən xal hansısa xəstəlik və ya hava ilə əlaqədardır:
“Səbəbini biz də bilmirik. Ağacı ki silkələdik, hamısı tökülür yerə. Gözləyirdik ki, təxminən 7-8 min manat xeyir götürərik, ancaq görürəm ki, yox, 2-3 min güclə olar. Hamısı zay olub. Satışı 50-70 qəpikdir. İri məhsul olsa, 80 qəpiyə alıcılar onu alırlar”, – fermer deyib.
Qeyd edək ki, Astarada 2591,15 hektar sahədə naringi bağı var. Onlardan 1890,08 hektarı məhsuldardır.










