ATƏT-in Minsk qrupuna pensiya düşürmü?backend

ATƏT-in Minsk qrupuna pensiya düşürmü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prinsipcə, 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram!”

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətindəki yarıtmazlıqları dilə gətirib.

Prezident bununla hansı mesajı vermək istəyir? Yəni ATƏT-in Minsk qrupu ləğv olunmalıdır?

NOCOMMENT xəbər verir ki, yenisabah-a danışan siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyət tarixçəsi utanc doludur: “ATƏT-in Minsk qrupu ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən yaradılmış bir təşkilatdır. Konkret olaraq həmsədrlik institutunun 15 müddəalıq mandatı var. Bu mandatda da, əslində, BMT qətnamələrinin vaxtilə icra edilməsi nəzərdə tutulurdu.

Eyni zamanda, həmin sənədin 11-ci maddəsində xüsusi olaraq qeyd olunurdu ki, əgər işğalçı, yəni təcavüzkar Ermənistan bu məsələlərlə bağlı konstruktiv mövqe nümayiş etdirməzsə, eləcə də işğal prosesi davam edərsə, o zaman ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qarşısında Ermənistanla bağlı yeni qətnamələrin qəbul olunması ilə əlaqəli məsələ qaldırmalıdır”.

E.Mirzəbəyli əlavə edib: “Məlum olduğu kimi, bu zaman kəsiyində ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki BMT TŞ-nın qarşısında hər hansı bir məsələ qaldırdılar, əksinə, bütün fəaliyyətlərini münaqişənin dondurulub saxlanılmasına və Azərbaycan torpaqlarının işğaldan azad edilməməsinə sərf etdilər.

Mahiyyət etibarilə ATƏT-in Minsk qrupunun fəaliyyəti göz qabağındadır və Prezidentin mövqeyi də, hər zaman olduğu kimi, Azərbaycan xalqının və dövlətinin və dövlətinin iradəsini ifadə edir, reallıqların tam obyektiv bir şəkildə dəyərləndirilməsini ortaya qoyur”.

“Azərbaycan xalqı hansı əsaslarla ATƏT-in Minsk qrupundan razı qalmalıydı? Bunun üçün hər hansı bir əsas yoxdur. Mandat yerinə yetirilməyib. Münaqişə bitib, münaqişə yoxdursa, deməli, artıq ATƏT-in Minsk qrupuna da ehtiyac qalmayıb. Minsk qrupunun 30 illik tarixçəsi utancvericidir”, – deyə mütəxəssis yekunlaşdırıb.