“Tender kralı” kimi tanınan ATF MMC növbədi satınalma müsabiqəsinin qalibi seçilib.
NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, tender Qəbələ Rayon İcra Hakimiyyətinin Qəbələ Şəhər İnzibati Ərazi Nümayəndəliyi tərəfindən keçirilib.
Satınalma predmeti Qəbələ şəhəri Heydər Əliyev prospektində yolun bir hissəsinin əsaslı təmir işləridir. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 387 497,01 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
ATF MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
ATF MMC-nin daha çox yol təmirləri ilə bağlı tenderlərin qalibi seçilməsi şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyinə yaxın olması barədə iddialara səbəb oluib. AAYDA-nın yol çəkilişlərində sözügedən şirkətin tesnikasından istifadə etməsi bu iddiaların əsaslı olması barədə qənaəti daha möhkəmləndirib.
ATF MMC daha çox yerli icra hakimiyyətlərinin tenderlərinin qalibi olur. Şirkət sentyabr ayında Oğuz Rayon İcra Hakimiyyətinin və Balakən Rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi seçilib. Hər iki tenderin küçələrin əsaslı təmiri ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrin maliyyə dəyəri müvafiq olaraq 589 462,69 manat, 386 447,9 manatdır. Tərəflər arasında artıq satınalma müqaviləsi imzalanıb.
Qəbələ Rayon İcra Hakimiyyəti 2023-cü ildə də şirkətlə satınalma müqaviləsi bağlayıb. Küçələrin təmiri ilə bağlı imzalanan müqavilənin maliyyə dəyəri 698 650,45 manat olub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdir. O, 2010-cu ildən rayona rəhbərlik edir. Media uzun illər Səbuhi Abdullayevi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı kimi təqdim edib.