525 saylı marşrut xətti üzrə (Bakı-Masazır) hərəkət edən avtobusun atmosferə zəhərli tüstü ixrac etməsi ilə bağlı görüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a sərnişinlər məlumat verib.
Qeyd edilib ki, sözügedən xətt üzrə hərəkət edən avtobusların əksəriyyəti köhnəlib və həmin nəqliyyat vasitələri sərnişindaşımada texniki nasazlıqla fəaliyyət göstərir.
Görüntülərdən də aydın olur ki, avtobusun ixrac etdiyi zəhərli qaz ətrafı qara tüstüyə bürüyür. Bu isə atmosferi çirkləndirən amillərdən biri olmaqla yanaşı, həm də müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində işlər aparılır:
“Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il tədris mövsümünün başlaması ilə əlaqədar daha 170 avtobus marşrut xətlərinə cəlb edilir. 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə sərnişindaşımalarda istifadə olunan avtobusların say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır”.
AYNA-dan həmçinin qeyd edilib ki, əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb:
“Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb. Hazırda Bakıda 26 küçə və prospektdə uzunluğu 77 km-dən çox olan xüsusi hərəkət zolaqları təşkil edilib. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.
Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir”.