İraq Kürdüstanının muxtar bölgəsində, Duhok vilayətinin şimal hissəsində yerləşən Atruş neft yatağında partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Shafaq News telekanalı məlumat yayıb.
Yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə, hadisə yerində yanğın başlayıb və hazırda neft yatağının işçiləri ilə mülki müdafiə qüvvələri alovu söndürmək üçün çalışırlar. Neft hasilatı müvəqqəti olaraq dayandırılıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.
Baghdad News xəbər portalı isə yazır ki, Atruş neft yatağı “hücum obyektinə çevrilib”. Nəşrin məlumatına görə, ərazidə qalxan tüstü sütunları müşahidə olunur.
Hazırda hadisə ilə bağlı əlavə məlumat yoxdur.