Auditorlar Palatasında 700 min manatı yeyiblərbackend

Auditorlar Palatasında 700 min manatı yeyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

NOCOMMENT.az musavat.com-a istinadən xəbər verir ki, ittihama görə Azərbaycan Auditorlar Palatasının 3 vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib.

Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib. Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 700 min manatdır. Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.

Məhkəmə iclasında çıxış edən müttəhimlərin vəkilləri vəsatətlə çıxış edib işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Bildirilib ki, ibtidai araşdırma düzgün aparılmayıb. Vəli Rəhimovun vəkili bildirib ki, Gövhər Əhmədovanın ifadəsi ilə həm Vəli Rəhimova, həm də Fəridə Novruzovaya əlbirlik ittihamı verilib: “Gövhər Əhmədova ifadəsində Vəli Rəhimovun tapşırıqlarını yerinə yetirdiyini göstərib. Amma bunu təsdiq edən nə bir SMS, nə telefon zəngi, nə də şahid ifadəsi var. İstintaqda bank kartları ilə bağlı sorğular verilib, çıxarışlar alınıb. Müstəntiq ya o çıxarışlara baxmayıb, ya da baxmaq istəməyib. Orada Gövhər Əhmədovanın üç övladının bank kartlarından bəhs olunur. Birinci övladı deyir ki, mənim xəbərim olmayıb, kartlardan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, həmin kartla Türkiyədən mallar alınıb, restoranlarda hesab verilib”.

Vəkil həmçinin deyib ki, 2020-ci ildə Vəli Rəhimovun oğlu şəhid olub, özü həyatdan küsüb, təxminən bir il uzaqlaşıb: “Baş verənlərə nəzarət edə bilməməsinin səbəbi də bu olub. Qayıdandan sonra neqativ hallar aşkar edib, özü bu barədə rəhbərliyə məlumat verib. Komissiya təşkil edilib, amma ekspertiza keçirilməyib. Çox primitiv araşdırma aparılıb, məhkəmə istintaqı zamanı bunu araşdırmaq mümkün olmayacaq. Ona görə də ibtidai istintaqa qaytarılmasını istəyirik”.

Digər təqsirləndirilən Fəridə Novruzovanın vəkili də vəsatətin təmin olunmasını istəyib. Müdafiəçi bildirib ki, Gövhər Əhmədovanın övladları da bu işdə iştirakçıdırlar: “Fəridə xanımın müdafiə hüquqları pozulub. Onu aldadaraq sənədlərə qol çəkdiriblər, yanında vəkil olmayıb. Ona görə də ibtidai istintaqa qaytarılsın və cinayət işinə xitam verilsin”.

Təqsirləndirilən Gövhər Əhmədovanın vəkili cinayət işinin ibtidai istintaqa qaytarılmasına etiraz edib. O bildirib ki, cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiya Baş İdarəsində aparılıb. Gövhər Əhmədovanın uşaqlarının ünvanına səsləndirilən fikirlərə də münasibət bildirib. Deyib ki, onların bu işdə əlbirliyi barədə səsləndirilənlərin heç bir əsası yoxdur.

Dövlət ittihamçısı Orxan Kəngərli də vəsatətin təmin olunmamasını istəyib. Təqsirləndirilənlərdən Vəli Rəhimov və Fəridə Novruzova müdafiə hüquqlarının pozulduğunu məhkəmənin diqqətinə çatdırıblar.

Vəli Rəhimov bildirib ki, ona cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılmayıb. Fəridə Novruzova isə dindirmələrdə vəkilinin iştirak etmədiyini, yalnız sonda yanında müdafiəçisi olduğunu deyib. Daha sonra məhkəmə hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, iş məhkəmə baxışına verilib. Məhkəmə prosesi yanvarın 26-na təyin edilib.