Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı Ukraynanın əsas maliyyə tərəfdaşı olaraq qalır və 2022-ci ildən bəri bu ölkəyə təxminən 165 milyard avro ayırıb. Bu məbləğə 1 milyard avro dəyərində son makromaliyyə yardım tranşı da daxildir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Romada Ukraynanın bərpasına həsr olunmuş konfransda çıxış edən fon der Lyayen əlavə 1 milyard avroluq makromaliyyə yardımının təqdim edildiyini, həmçinin Ukrayna fondunun vəsaitlərindən 3 milyard avrodan çox maliyyə ayrıldığını bildirib. O vurğulayıb ki, cari ildə Aİ Ukraynanın zəruri xarici maliyyə ehtiyaclarının 84 faizini qarşılayacaq.
Bundan əlavə, Avropa Komissiyasının rəhbəri Ukraynanın bərpası üçün 2,3 milyard avroluq yeni yardım paketinə dair sazişlərin imzalanacağını açıqlayıb. Gözlənilir ki, bu paket ölkənin yenidən qurulması prosesinə 10 milyard avroya qədər investisiyanın cəlb olunmasına şərait yaradacaq.
Fon der Lyayenin sözlərinə görə, ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması Avropa İttifaqı üçün Kiyevə göstərilən dəstəyi artırmaq siqnalı kimi qiymətləndirilir.