Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikiüzlülük və riyakarlığın son həddidir.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O xatırladıb ki, Avropa Parlamenti xristian birliyidir və müsəlman ölkəsinin təəssübkeşliyini heç vaxt çəkməz:
“Ona görə də bu gün öz ərazilərinin suverenliyini təmin etmiş və müstəqil siyasət yürüdən Azərbaycan Avropa Parlamenti üçün lazım deyil. Onlara əzilmiş, asılı vəziyyətdə olan Azərbaycan lazımdır ki, özlərinin çirkin niyyətlərini ölkəmizdə reallaşdıra bilsin. Bu baxımdan, Avropa Parlamentinin qətnamələrini ikili standartların, sifarişlərin icrası və parlament tribunasının siyasi təzyiq üçün alətə çevrilməsinin göstəricisi hesab edirəm”.
Milli Məclisin üzvü deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin mövzusu “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüquqlarının pozulması və Ermənistanla münasibətlər” adlandırılır.
“Sual olunur, Avropa Parlamentinə Azərbaycanda vəziyyət nə vaxtdan maraqlı olub? Əgər onlara Azərbaycandakı vəziyyət maraqlı olsaydı, torpaqlarımız işğal olunanda, bir milyona yaxın qaçqın və məcburi köçkün şəraitsiz çadır düşərgələrində yaşayanda, xalqımıza qarşı soyqırımılar törədiləndə, dini-mədəni abidələrimiz, şəhər və kəndlərimiz dağıdılaraq talandıqda münasibət bildirərdilər. Biz 30 ildə Avropa Parlamentində bu məsələləri qaldırırdıq və Ermənistana qarşı tədbirlərin görülməsinə çağırışlar etdik. Amma onlar heç nə baş verməmiş kimi qaldırdığımız məsələlərin üstündən səssiz keçdilər”, – deyə deputat əlavə edib.
A.Badamovun fikrincə, Avropa Parlamenti Azərbaycanın öz ərazilərini geri almağını, Ermənistanın dağıtdığı yaşayış məntəqələrini bərpa edərək keçmiş məcburi köçkünləri öz doğma yurduna qaytarmağını həzm edə bilmir:
“Azərbaycan qeyri-adi bir iş görməyib. Ölkəmiz sadəcə BMT TŞ-nin qətnamələrini icra edib. Qəbul etdikləri qətnamədə beynəlxalq hüququn pozulmasından danışan avropalı parlamentarilər 30 ildə bir milyon azərbaycanlının pozulmuş hüquqlarından niyə danışmadı? O cümlədən, Birinci Qarabağ Müharibəsində itkin düşmüş 4 min azərbaycanlının hüquqlarından niyə danışılmır? Həmin azərbaycanlıların bir hissəsi əsir götürülərək Ermənistanda qul kimi işlədilib, işgəncələrə məruz qalmışdı. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra qarşılaşdığı mina terroru haqqında danışan olmadı. Ermənilərin basdırdıqları milyondan çox minaya düşərək həlak olmuş və ya xəsarət almış 400-ə yaxın azərbaycanlının yaşamaq haqqının pozulması deyilmi? Mina terrorunun bu gün də davam etməsi, minalanmış ərazilərin dəqiq xəritələrin verilməsi üçün Ermənistana niyə çağırış etmirsiniz?”
Avropa Parlamentinin riyakarlığının böyük olduğunu vurğulayan deputatın sözlərinə görə, Azərbaycana qarşı qətnamə qəbul edəndə hətta Avropa İttifaqının milli maraqları da nəzərə alınmır:
“Belə ki, Rusiyaya tətbiq etdiyi sanksiyaların bumeranq effekti verməsinə baxmayaraq, Avropa Komissiyasına Azərbaycanla 2022-ci ildə bağlanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişə yenidən baxılmasını və Azərbaycandan qazın alınmasını dayandırılmasını deyirlər. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativdir. Avropa Parlamenti Avropa İttifaqının enerji təhlükəsizliyinə kökündən balta vurmağına və enerji böhranının daha da dərinləşdirilməsinə çalışır. Təbii ki, bu məsələlər Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir”.
Azər Badamov onu da diqqətə çatdırıb ki, Avropa Parlamenti iqlim dəyişiklikləri ilə bağlı COP29-u da siyasiləşdirməyə çalışır:
“Bu konfrans dünyanı baş verə biləcək təbii fəlakətdən qorunması üçün qlobal həmrəyliyə nail olunmasına hesablanıb. COP29-u heç vaxt siyasi məsələlərlə eyniləşdirmək olmaz. Bu məsələ canlı aləmin gələcək mövcudluğu məsələsidir. Amma avropalı parlamentariləri gələcəyin mövcudluğu maraqlandırmır. Özlərinin gələcəyi ilə bağlı düşünmürlərsə, onlardan COP29-la bağlı da müsbət bir fikrin ifadəsini gözləməməliyik. Avropa Parlamenti, onun sifarişçiləri olan Fransa və digərləri Azərbaycanla siyasi təzyiq dilində danışa və addımladığımız ədalətli mövqeyimizdən heç vaxt çəkindirə bilməzlər”.