NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukrayna əsgərlərinin təlimi üçün 200 milyon avro məbləğində əlavə vəsait ayırıb. Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
“Bu gün Şura Aİ-nin Ukrayna üçün hərbi təlim missiyası – EUMAM Ukrayna – Ukrayna silahlı qüvvələrinin təlimi üçün əlavə maliyyə ayırmağa qərar verdi. Pul məbləği daha 194 milyon avro artırılıb”, – məlumatda deyilir.
Nümayəndəlik onu da qeyd edib ki, hazırda Aİ-nin Ukrayna Silahlı Qüvvələri əsgərlərinin təlimi üçün ayırdığı ümumi məbləğ 255 milyon avro təşkil edir.
Şuranın məlumatına görə, bugünkü qərarın məqsədi hərbçilər üçün təlim proqramının artan həcmini və mürəkkəbliyini nəzərə alaraq, Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasını davam etdirməkdir.
Təlim missiyasının başladığı gündən 34 mindən çox ukraynalı əsgərin təlim keçdiyi bildirilir.