Avropa və Rusiya Qarabağda TOQQUŞUR: Brüssel görüşünün pərdəarxasıbackend

Avropa və Rusiya Qarabağda TOQQUŞUR: Brüssel görüşünün pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Bəzi analitiklərin fikrincə, Rusiya bu görüşdən əvvəl alternativ görüş təşkil edə bilər.

Rusiya Brüssel görüşünə qədər iki ölkənin rəhbərlərini bir araya gətirib, dekabrın 15-də keçiriləcək görüşünün əhəmiyyətin kiçildə, bu təşəbbüsə kölgə sala bilərmi?

Rusiyanın Brüssel görüşünə və ümumiyyətlə Avropanın Qarabağa dair təşəbbüslərinə qısqanc yanaşdığını söyləmək olarmı?

NOCOMMENT xəbər verir ki, yenisabah-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov bildirib ki, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Şərq Tərəfdaşlığı ölkələrinin dekabrın 15-də Brüsseldə keçiriləcək Zirvə görüşü çərçivəsində planlaşdırılan Azərbaycan və Ermənistan liderlərinin görüşü dayanıqlı sülh naminə kommunikasiyaların dərinləşməsi üçün yaxşı fürsətdir:

“Bildiyiniz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində bəyan edildi ki, rəsmi Bakı hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Yəni, qalib tərəf kimi Azərbaycan kommunikasiyalardan nəinki qaçmır, əksinə ən qısa müddətdə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlanıb başa çatması, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətini ifadə etməsi, kommunikasiya xətlərinin, xüsusən, Zəngəzur dəhlizinin fəaliyyətinə start verilməsi üçün dialoqa vacib vasitə kimi baxır”.

Millət vəkili əlavə edib: “O ki, qaldı sualın ikinci hissəsinə, Rusiya və Qərbin çoxillik siyasi qarşıdurması hərkəsə bəllidir. O cümlədən də Rusiyanın Brüssel görüşünə qədər iki ölkənin rəhbərlərini bir araya gətirib, təşəbbüsü öz üzərinə götürmək niyyəti nəzəri olaraq mümkündür. Lakin, unutmayaq ki, elə Rusiyanın özü kommunikasiyaların açılmasını və bu istiqamətdə təmasları nəzərdə tutan 10 noyabr bəyanatının tərəflərindən biridir.

Digər tərəfdən, əgər, indiki məqamda Rusiya-Qərb rəqabəti Azərbaycan və Ermənistan arasında təmasların bərpasına və hər iki ölkə liderlərinin daha çox nəticə yönümlü görüşünə nail olmağı da əhatə edəcəksə, biz bundan narahat olmamalıyıq”.

B.Məhərrəmov onu da vurğulayıb ki, zatən, Azərbaycan sülh və sabitliyə məğlub Ermənistandan daha çox səy göstərir: “Cənab İlham Əliyev dayanıqlı sülh naminə konkret addımlar atır, Azərbaycanın sülhə məcburetmə imkanı olsa belə, ilkin olaraq dialoqa üstünlük verdiyimizi sərgiləyən siyasət yürüdür. Bu mənada, əgər Rusiyanın təşəbbüsü ilə Brüsseldən öncə Moskvadan dialoq təklifi gələrsə və Azərbaycan belə bir görüşü məqbul bilib razılıq verərsə, rəsmi Moskvanın mümkün cəhdində bir problem görməməliyik”.