Avropanın ən kiçik hava limanlarından biri olan Çexiyanın Ostrava şəhərindəki Ostrava-Mosnov Beynəlxalq Hava Limanı ilin böyük hissəsində çox az sayda sərnişin qəbul edir və gündə cəmi iki-üç kommersiya reysi ilə fəaliyyət göstərir.
NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki, bu hava limanı təkcə Avropanın deyil, eyni zamanda dünyanın da ən kiçiklərindən biri sayılır. Sosial şəbəkələrdə paylaşılan videolarda sərnişinlərin boş zalda rahat şəkildə uçuşlarını gözlədiyi və hava limanının izdihamlı hava limanlarından nə qədər fərqli olduğu açıq şəkildə görünür.
Oktyabr-aprel ayları ərzində hava limanında demək olar ki, reys olmur. Ancaq yay aylarında, xüsusilə turizm agentliklərinin çarter reysləri ilə birlikdə hərəkətlilik artır.
“Airports Worldwide” məlumatına əsasən, hava limanı kiçik ölçülərinə baxmayaraq, regionun əsas iqtisadi və sənaye mərkəzlərindən biri hesab olunur. Ostrava hava limanı Çexiyada ölçüsünə görə ikinci yerdə qərarlaşıb. Hazırda limandan yalnız bir daxili reys həyata keçirilir.
Ostrava şəhəri Çexiyanın şimal-şərq hissəsində nəqliyyat və logistika mərkəzi rolunu oynayır. Hava limanı Praqadan təxminən üç saatlıq məsafədə və Polşa sərhədinə yaxın yerləşir.
Məqalədə qeyd edilir ki, bu hava limanına uçanlar üçün Dolni Vitkovitse sənaye kompleksi mütləq görülməli yerdir. XIX əsrdə inşa edilmiş və bir zamanlar Avropanın ən böyük kömür və metallurgiya istehsalat sahələrindən biri olmuş bu məkan, indi Çexiyanın “dəmir ürəyi” kimi tanınır və mədəni irs obyektinə çevrilib.
Burada yerləşən soba sistemləri, koks zavodları və kərpic binalar artıq muzey və incəsənət məkanlarına çevrilib.