Avtomobil hansı halda cərimə meydançasına aparıla bilər? – AÇIQLAMAbackend

Avtomobil hansı halda cərimə meydançasına aparıla bilər? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol polisi əməkdaşları ilə sürücülər arasında mübahisələr tez-tez gündəmə gəlir. Sosial şəbəkələrdə paylaşılan mübahisəli məqamlardan biri isə nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması məsələsidir.

Vətəndaşlardan biri özünə aid nəqliyyat vasitəsinin bamperi olmadığı üçün cərimə meydançasına göndərildiyi, 25 gündür orada saxlanıldığı ilə bağlı məlumat paylaşıb.

Mübahisəli məqam isə vətəndaşın bunu qanunsuz, polisin qanuni adlandırmasıdır.

Ümumiyyətlə avtomobilin bamperi və digər hansı hissələri olmayanda idarə etmək olmaz? Bu məsələdə istisna hallar varmı? Yəni avtomobil qanunla cərimə meydançasına hansı hallarda aparıla bilər, hansı hallarda yox?

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin (İXM) 96-cı maddəsində (Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi) müvafiq bəndlər göstərilib:

“Orada bir sıra hallar var – nəqliyyat vasitəsini etibarnaməsiz idarə edənlər, sürücülük hüququ olmayanlar, avtomobilə əlavə avadanlıqların qoşulması, istismar qaydalarının pozulması və s. Sözügedən məsələ də məhz avtomobilin istismar qaydalarının pozulması halına aiddir və qanunla həmin nəqliyyat vasitəsi cərimə meydançasına aparılır. Əgər istismar qaydalarının tamamlanması yerində aradan qaldırılırsa, cərimə meydançasına aparılmır. Artıq cərimə meydançasına aparılan nəqliyyat vasitəsi isə evakuatorla polis əməkdaşlarının iştirakı ilə emalatxanaya aparılır. Nəqliyyat vasitəsi tam istismar qaydalarına cavab verəcək formada düzəldildikdən sonra hərəkətinə icazə verilir. Yenidən nəqliyyat vasitəsi eyni halla aşkarlanarsa, eyni prosedur çərçivəsində cərimə meydançasına aparılır”.

“Avtomobilin arxa və ön hissəsində birmənalı şəkildə bamper olmalıdır. Ən kiçik qəza anında bamperlər müəyyən mənada qoruyucu rol oynayır. Bu barədə məqamlar daha ətraflı “Yol hərəkəti haqqında” Qanunun 2 saylı əlavəsində göstərilib”, – deyə A.Əsgərli qeyd edib.