Azərbaycanda bəzi vətəndaşlar avtomobil alan zaman onu etibarnamə ilə idarə etməyə daha maraqlı olurlar.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib ki, belə hallarda hər iki tərəf üçün problem yarana bilər:
“Alan şəxsin problemi odur ki, bu şəkildə mülkiyyət hüququnu əldə etmir. Avtomobil ilk sahibinin mülkiyyətində qalır. Belə olan halda isə mülkiyyətlə bağlı hansısa problem yaranan zaman həmin avtomobilə də yönələ bilər. Məsələn, müxtəlif mülki mübahisələrdə məhkəmə yolu ilə həbs qoyula bilər. Belə olan halda bu avtomobillə bağlı məhdudiyyətlər yaranır. Daha sonra avtomobili öz adına keçirmək istəyirsə bu zaman problem yaranır. Satan şəxs üçün də problem yarana bilər. Məsələn etibarnamənin müddəti bitdikdən sonra artıq sürücü qayda pozuntusu etdiyi zaman cərimələr avtomobilin qeydiyyatda olan sahibinə yönəldilir. Yaxud etibarnamənin müddəti bitir, avtomobili alan şəxs bunu unudursa, avtomobil hərəkətdə olduğu zaman müvafiq cərimələnir və müvafiq əraziyə aparılır. Digər bir məsələ də etibarnamə ilə satış, yaxud girov prosesinin həyata keçirilə bilməməsidir. Əgər pula ehtiyacınız varsa və avtomobilinizi etibarnamə ilə almısınızsa, bunları edə bilmirsiniz”.
Ekspertin sözlərinə görə, avtomobillərin vətəndaşın adına keçirilməsi üçün rəsmi rüsumlar nəqliyyat vasitəsinə görə dəyişir:
“Rüsumlar iki hissədən ibarətdir. İlk hissə standartdır, qeydiyyat şəhadətnaməsi, qeydiyyat nişanı, texniki baxış rüsumu. Bunlar maksimum 90 manat edir. Bununla yanaşı mühərrikin həcmi və buraxılış ili bağlı da rüsum mövcuddur. Bu rüsum isə 20 manatdan 1500 manata qədər ola bilir. Ona görə də rüsumlar dəyişir. Burada tək problem rüsum deyil. İnsanlar burada müxtəlif problemlərlə üzləşir, nəticədə bunda maraqlı olmurlar. Bu prosesi sadələşdirmək, şəffaflaşdırmaq lazımdır. Bundan sonra etibarnamədən istifadə edənlərin sayı azalar”.