AYB-nin qələm əhlinə verdiyi möhlət başa çatdı: “Hələ gözləyirik”backend

AYB-nin qələm əhlinə verdiyi möhlət başa çatdı: “Hələ gözləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqının ödənməsi ilə bağlı verdiyi möhlət bu gün başa çatıb. Bir müddət əvvəl AYB rəsmi şəkildə üzvlərinə müraciət edərək bildirib ki, fevralın 2-dək ödəniş etməyən şəxslər qurumdan kənarlaşdırılacaqlar.

Bəs AYB üzvlük haqqını ödəməyən qələm əhli ilə əlaqədar hansı qərarı verəcək?

NOCOMMENT.az xəbər verir ki, birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev açıqlamasında bildirib ki, üzvlük haqqını ödəməyən üzvlərlə bağlı qərarın qəbulu gələn həftəyədək uzadılıb:

“Biz siyahını təqdim etmişik. Orada bir neçə üzvümüz var ki, üzvlük haqqının ödənilməsi ilə bağlı onlara dəfələrlə məlumat verilib. Buna baxmayaraq ödəməyiblər. Bu, üzvlərin öhdəliyidir. Kimsə istəmirsə, verməsin. Amma onların sıralarımızda qalıb-qalmaması ilə bağlı bu gün hər hansı qərar verilməyəcək. Hələ gözləyirik”.

Çingiz Abdullayev qeyd edib ki, məsələyə həssas yanaşmaq vacibdir:

“Hələ həftənin ilk günüdür. Siyahıda olan üzvlərimizdən biri Almaniyada vəfat edib. Ola bilər ki, kimlərsə hazırda Azərbaycanda deyil və ya xəstəlik səbəbindən gələ bilmir. Birdən-birə qərar verib onları sıralarımızdan çıxarmaq düzgün olmaz. Hətta bəziləri üzvlük haqqının ödənilməli olduğunu bilməyə də bilər. Aylıq 15 manatdır, bu da böyük məbləğ deyil. Metroda gediş-gəliş qədərdir. Biz bunu ciddi maliyyə yükü hesab etmirik. Hər şey dəqiqləşəndən sonra siyahı açıqlanacaq”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinə üzvlük haqqını ödəməyən 58 yazıçı və şairin siyahısı yayılıb. AYB sədri Anar Rzayev isə üzvlük haqqını ödəməyənlərə fevralın 2-dək vaxt verildiyini bildirib. Həmin müddətədək ödəniş etməyən yazıçı və şairlərin birlikdən xaric ediləcəyi açıqlanıb. /Qaynarinfo/