Deputat Aydın Mirzəzadə Milli Məclisin iclasında çıxış edərkən əvvəlcə Qərbi Azərbaycanla bağlı paytaxtda keçirilən beynəlxalq tədbirdən danışıb.
NOCOMMENT.az-ın xəbərinə görə, o bildirib ki, dünyanın 51 ölkəsindən deputatların, elm adamlarının, siyasətçilərin, ekspertlərin tədbirə qatılması Qərbi Azərbaycana ədalət istiqamətində aparılan işin daha bir uğurlu nəticəsidir.
Deputat qeyd edib ki, Ermənistan hakimiyyəti nə qədər çalışsa da, Qərbi Azərbaycan mövzusunun Ermənistan ictimai rəyinə təsirinin qarşısını ala bilmədi, artıq sosial şəbəkələrin erməni seqmentində bu məsələ geniş müzakirə edilir.
Aydın Mirzəzadə xatırladıb ki, Prezidentin İrəvanın Qərbi Azərbaycan İcması ilə danışıqlar aparması zəruriliyini vurğulaması çox ciddi hadisədir.
Daha sonra A.Mirzəzadə Milli Məclisin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Parlament Konfransından bəhs edib, təşkilatçılara təşəkkürünü bildirib.
Deputat Azərbaycanın daxili işlərinə qarışmaq istəyənlərdən bəhs edərkən çıxışını “Heç kəs bizim daxili işlərimizə qarışa bilməz! Heç kəs bizə diktə edə bilməz!” söyləyərək yekunlaşdırıb.\\Musavat.com