Ayın sonunda karantinlə bağlı yeni qərar GÖZLƏNİLİRbackend

Ayın sonunda karantinlə bağlı yeni qərar GÖZLƏNİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi rəqəmlərə görə, Azərbaycanda son günlərdə koronovirusa yoluxma artmaqda davam edir. TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən həftəki açıqlamasında yoluxmanın 48 faiz artdığı bildirilib. Buna görə də rəsmi qurumlar əhalini yenidən peyvəndlənməyə, ehtiyatlı olmağa çağırır, hətta karantin qaydalarının yenidən sərtləşdirilmə ehtimalı səslənir.

İyulun 11-də koronavirusa yoluxma 32 nəfər olub, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

İctimaiyyəti narahat edən məsələ sərt karantin qaydalarının yenidən tədbiqi ilə bağlıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, koronavirus pandemiyası bu gün hələ də aktualdır.

Deputat son günlər ölkəmizdə də yoluxma hallarının artmasına diqqət çəkib: “Yoluxma halları son zamanlar yenə də artmaqdadır. Bir ay əvvəl yoluxma 5 nəfər civarında idi. İndi isə yayılan statistikaya əsasən yoluxma 50 civarındadır. Buna görə də, Səhiyyə Nazirliyi və TƏBİB virusa yoluxma tempinin belə artması halında tədbir görüləcəyini açıqlayıb. Bu gün yoluxma 48 faiz artıb. İndi mən hansı karantin qaydalarının yenidən tətbiq ediləcəyini deyə bilmərəm. Bunu mütəxəssislər deyə bilər. Ancaq artım sürətlə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi, əlbəttə, labüd olacaq”.

M.İbrahimqızının sözlərinə görə, bu ayın sonuna kimi məsələ ilə bağlı bir nəticə çıxarılacaq: “İndi həm də elə bir fəsildəyik ki, insanların miqrasiyası, hərəkətliliyi dinamikdir. İnsanlar çimərliklərə, istirahət yerlərinə, sağlamlıq mərkəzlərinə gedir. Burada insanlar sıxlıq şəraitində olur, nəticədə təmaslar artır. Təmasların artması da yoluxmanı artırır. Ancaq bu saat nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də Operativ Qərargah hansı qadağanın tətbiq ediləcəyini deyə bilir. Düşünürəm ki, bu ayın sonuna qədər məsələ dəyərləndiriləcək. Bilirsiniz, hər tətbiq olunan qadağa xəstəliyə yoluxan hər bir kəsin təhlili nəzərə alınmaqla qərarlaşdırılır. Yəni xəstəliyin yoluxuculuğu, peyvəndlənmə prosesinin səviyyəsi kimi məsələlərə diqqət yetirilir. Yoluxma çoxala bilər. Ancaq bu o mənaya gəlmir ki, mütləq qadağalara gediləcək. Yəni bu məsələ kəmiyyətə yox, həm də keyfiyyətə görə dəyərləndirilir”.

Deputat sərt karantin qaydalarının tətbiqini gözləmədiyini bildirib: “Bizim ölkədə insanlar peyvənd olunub, eyni zamanda yoluxmalar nəticəsində kütləvi immunitet də yaranıb. İndi bu xəstəlik çoxalsa da, bir növ qripin başqa ştammına çevrilib. Qeyd edim ki, ötən əsrin ortalarında qrip deyəndə bütün dünya lərzəyə gəlirdi. İndi qrip adi bir xəstəliyə çevrilib. Eyni zamanda, koronavirus da artıq zəifləyib. Ölüm halları da çox şükür azdır. Yenə deyirəm, hər halda bu məsələ ayın axırına kimi təhlil olunacaq və bir qərara gəlinəcək. Ancaq mən düşünmürəm ki, sərt qadağalar tətbiq ediləcək. Bəli, koronavirus ilk dövrlərdə çox qorxulu idi. Çünki virus təzə, peyvənd isə yox idi. İnsanlar virusla bağlı məlumatlı deyildi. İndi isə güclü maarifləndirmə nəticəsində insanlarda virusa qarşı özünümüdafiə mədəniyyəti yaranıb. Məsələn, mən özüm hələ də çox insan olan yerlərə getmirəm. Marketə gedəndə maskadan istifadə edirəm. Peyvəndləmə də olduğu üçün mən düşünmürəm ki, koronavirusla bağlı əvvəlki kimi təşviş olsun, yaxud sərt karantin qaydaları tətbiq edilsin”.

“Ancaq vətəndaşlar yenə də özünü qorumalıdır. İndi xeyir işlərə, mərasimlərə icazə verilib. İnsanlar bundan sui-istifadə edib ağını çıxartmamalıdır. Peyvənd sertifikatlarına nəzarət artmalıdır. İndi yay mövsümü ilə əlaqədar müxtəlif yerlərə gedirik, toylara da gedirik, ancaq görürəm ki, əvvəlki kimi sertifikatlara nəzarət yoxdur. Amma bu məsələdə arxayınlıq olmamalıdır”, – deyə deputat bildirib.

“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə “Turan”a bildirib ki, yoluxma sayı artsa belə bunun təhlükəli olmadığını bildirir.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş xəstələrdə ağırlaşma sayı artarsa, onda nəsə barədə düşünmək olar. Hərçənd o bunu mümkün saymır: “Çünki virus mutasiyaya uğradıqca onun öldürücülük qabiliyyəti azalır”.

Mütəxəssis bugünlərdə yoluxma sayı artsa da, ağırlaşma və ölüm sayının minimum olduğuna diqqət çəkir: “Son statistik rəqəmlərdə bir nəfərin koronavirusdan öldüyü qeyd olunur. Mən onun COVID-dən öldüyünə şübhə edirəm. Bunu müəyyən etmək üçün meyit autopsiya olunmalıdır, tədqiqat aparılmalıdır. Bizdə isə o təhlil aparılmır”.

Həkimin sözlərinə görə, dünyada hər il 1 milyarda yaxın insan qripə yoluxur: “Bəyəm ona görə karantin olur? Hazırda COVID-19 xəstəliyinə görə karantinin sərtləşdirilməsinə heç bir əsas yoxdur və olmayacaq. O, artıq qrip kimi mövsümi yoluxucu bir xəstəliyə çevrilib və insanların 99 faizi bunu yüngül keçirəcək”.