Dekabrın 22-nə keçən gecə İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatları məlum olub.
NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 2000-ci il təvəllüdlü Rəşidov Səfər Etibar oğlu və həmyaşıdı 2000-ci il təvəllüdlü Şükürlü Şükür Araz oğlu Oğuzun Qumlaq kənd sakini olublar.
Hadisə vaxtı onların həmkəndliləri olan 1997-ci il təvəllüdlü Rəhimli Orxan Mehman oğlu və 1998-ci il təvəllüdlü İsmayıllı sakini Allahverdiyev Tural Eldar oğlu xəsarətlər alıblar.
Bildirilir ki, qəzaya düşən şəxslərdən sürücü Orxanla İsmayıllı rayon sakini Tural tələbə vaxtı eyni yerdə təhsil alıblar. Qumlaq kəndində yaşayan dostlar Turalın dəvəti ilə İsmayıllıya yola düşüblər. Bu zaman Orxan içki qəbul edəcəyini bildirib və spirtli içki qəbul etməyən həmkəndlisi Şükürün də ayıq sürücü kimi onları müşayət etməsini, qayıdarkən avtomobili idarə etməsini xahiş edib.
İsmayıllıda yeyib-içdikdən sonra Orxan ayıq sürücüyə ehtiyac olmadığını, avtomobili özü idarə edəcəyini bildirib. Spirtli içkinin təsiri altında olan O.Rəhimlinin sürdüyü maşın İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində idarəetmədən çıxaraq aşıb.
Nəticədə ayıq sürücü kimi məclisə getmiş Şükür Şükürlü ilə avtomobildə olan Səfər Rəşidov aldıqları xəsarətlərdən vəfat edib. Sürücü Orxan Rəhimli ağır, İsmayıllı sakini Tural isə orta-ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.