Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat sərf edəcəyi barədə məlumat ictimaiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət bu məbləğin həddən artıq yüksək olduğunu bildirir. Hətta bunu növbəti yeyinti və vəsaitin mənimsənilməsi kimi qiymətləndirənlər də az deyil.
Bu prosesə 45 milyon vəsait ayrılması real bazar qiymətləri ilə müqayisədə nə dərəcədə əsaslıdır?
NOCOMMENT.az xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, istənilən dövlət xərci dəyər prinsipi ilə ölçülür:
“Yəni xərclənən vəsaitin təhlükəsizliyə, hərəkətin axıcılığına, qəza risklərinin azalmasına və ya nəqliyyat logistikasının səmərəliliyinə gətirdiyi fayda onun dəyərini müəyyən edir. Xətlər görünməz, köhnə və ya beynəlxalq standartlara cavab vermirsə, bu zaman qəza riskləri, gecikmələr və sosial xərclər də artır. Belə halda yenidən xətlənmə iqtisadi baxımdan sərmayə sayılır”.
Akif Nəsirli
Ekspert bildirib ki, Azərbaycan və region ölkələrində yolların xətlənməsi üçün qiymət ortalama 1 kilometr xətt üçün 200-600 manat arası dəyişir:
“Bu, boyanın növündən, qalınlığından və istifadə olunan texnologiyadan asılıdır. Termoplastik və ya soyuq sprey boya texnologiyalarında bu rəqəm 800-1000 manata qədər qalxa bilər. Əgər 45 milyon manata xətt çəkilirsə, bu məbləğlə təxminən 90 000 kilometr yolun xətlənməsi mümkündür. Azərbaycanın ümumi avtomobil yollarının uzunluğu təqribən 19-20 min km civarındadır. Yəni bütün yollar tam xətlənməli olsa belə, bu məbləğ real ehtiyacdan dəfələrlə çox görünür. Beləliklə, ya müqaviləyə əlavə işlər, məsələn, xüsusi işıq reflektoru, yol nişanları, texniki avadanlıq, avadanlıq parkının yenilənməsi və sair daxildir, ya da qiymətlər şişirdilib”.
Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, sözügedən sahədə istifadə olunan texnika və boyalar kifayət qədər bahalıdır:
Elməddin Muradlı
“Keyfiyyətli nəticə üçün ciddi məsuliyyət tələb olunur. Bundan əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) keyfiyyətsiz xətləmə işləri ortaya qoyurdu. Nəticədə boyalar çəkiləndən üç ay sonra yoxa çıxırdı. AAYDA hələ də bunu davam etdirir. Ümid edirik ki, AYNA ayrılan 45 milyon manat vəsaiti bu dəfə keyfiyyətli işin görülməsinə yönəldəcək və nəticədə xətlər uzunömürlü olacaq. Belə olmazsa, deməli, işin icrasında yenə saxtakarlığa yol verilib. Hər halda, AYNA sifariş verdiyi işin keyfiyyətinə nəzarət etməli, görülən iş üzrə hesabat tələb etməlidir. Bu qədər xərcin qarşılığında ortaya səmərəsiz iş qoyulmamalıdır. Əgər vəsait düzgün xərclənməz, keyfiyyətsiz boya və texnologiyalardan istifadə edilərsə, əlbəttə, qurum tənqid olunacaq. O zaman aidiyyəti qurumlar bu məsələni araşdırmalı və lazımi tədbirlər görməlidirlər”.