AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edibbackend

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda taksi ilə sərnişin daşımaq üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər qoyulmasını şərh edib.

NOCOMMENT.az-ın xəbərinə görə, AYNA bəyan edib ki, “Avtomobil nəqliyyatı haqqında” qanunla, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdır.

Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və “Avtomobil nəqliyyatı haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur.

Taksi sahəsində islahatların başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olunub. Taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanıldı, davamlı nəzarətin qurulması təmin edilib. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunub və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başlayıblar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə ‘E-taksi’ alt sistemi yaradılıb. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir.

İslahatlardan əvvəl taksi parkının 62 %-nin istismar müddəti 15 ildən çox olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olunub və artıq taksi parkının 67 %-nin istismar müddəti 8 il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub.

Bu günə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 014-dür. Bu avtomobillərin təxminən 55 %-i və yaxud 18 825 ədədi son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir.

Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79 %-ni təşkil edir.

Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün “rəqəmsal əkiz”). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır.

Bu günə qədər həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək.

Kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək.