“Azad olunmuş ərazilərimizdə artıq 2020-ci ilin sonundan başlayaraq infrastruktur və yaşayış məntəqələrinin tikintilərinə başlanılıb. Bir çox rayon mərkəzləri, şəhər və kəndlər tikilərək vətəndaşlara təhvil verilib və tikinti işləri hələ də sürətlə davam edir. Həmin ərazilərdə hər hansı bir əmlakın vətəndaşlara verilməsi üçün ilk növbədə qiymətləndirmələr aparılır. Yəni ailə həmin ərazilərdən məcburi köçkün düşərkən 2-3 nəfərdən ibarət idisə, hazırda onların ailə üzvlərinin sayı daha çoxdur. Bu səbəbdən bir ev yox, bir neçə ev həmin şəxslərə verilir”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə əmlak eksperti Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında deyib.
O, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin onlara verilən evləri satması barədə də danışıb:
“Hazırkı vəziyyətdə evlər vətəndaşlara dövlət tərəfindən verildiyinə görə və torpaqların təyinatları, çıxarışlar və bu tip sənədlər hələ ki, vətəndaşlara tam verilmədiyinə görə, həmin ərazilərdəki torpaqlar və yaxud daşınmaz əmlaklar satıla bilməz. Təbii ki, böyük şəhərlərdə bəzi qeyri-yaşayış obyektləri dövlət tərəfindən vətəndaşlara icarəyə verilə bilir. Satış məsələsi hələ aktual deyil. Həmçinin orada yaşayan vətəndaşlar da hazırda köç prosesindədirlər. Dövlət tərəfindən verilən evlərə tam mülkiyyət hüququnu təsdiq edən sənədlər verilməyib”.
Ekspertin sözlərinə görə, bəzi ərazilərdə, kəndlərdə və rayonlarda vətəndaşların özlərinə məxsus olan evlər də bərpa olunaraq özlərinə təhvil verilib.
“Onların əllərində köhnə kök sənədləri olsa da, yeni ünvanların salınması, küçələrin dəyişikliyi və s. məsələlərdən düşünürəm ki, yaxın gələcəkdə həmin ərazilər tam bərpa olunacaq. Vətəndaşlara təhvil verildikdən və ünvan dəyişikliyi olduqdan sonra artıq vətəndaşlara mülkiyyət hüququ verilə bilər. Təbii ki, vətəndaşlar çıxarışla təmin olunduqdan sonra həmin yer onun özəl mülkiyyəti olacaq və istədiyi vaxt istədiyi adama sata bilər. Hazırkı vəziyyətdə isə həmin ərazilərdəki mənzillərin satışı ilə bağlı, vətəndaşların öz əmlaklarını satması ilə bağlı məsələ yoxdur. Vətəndaşlara tam mülkiyyət hüququnu təsdiq edən sənəd verilmədiyinə görə mövcud vəziyyətdə bu mümkün deyil”, – deyə Elnur Fərzəliyev bildirdi.