KoronaVirus İnformasiya Portalı
Azad olunmuş torpaqlara işıq, qaz, yol çəkilir – Rəsmi qurumlardan AÇIQLAMALARbackend

Azad olunmuş torpaqlara işıq, qaz, yol çəkilir – Rəsmi qurumlardan AÇIQLAMALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 27-dən başlanan 2-ci Qarabağ savaşındakı əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işlərinə başlanılıb.

NOCOMMENT xəbər verir ki, mövzu barədə modern.az-a danışan rəsmi qurum təmsilçiləri bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, azad olunmuş torpaqlarda quruculuğa start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli qeyd edib ki, hazırda azad olunmuş torpaqlarımızın avtomobil yollarının bərpası işləri aparılır: “İşğaldan azad olunmuş torpaqlarımızda hazırdaq inşaat işləri görülür. 30 ilə yaxın düşmən tapdağında olmuş Tərtər rayonunun Suqovuşan və Talış kəndləri istiqamətində olan tarixi avtomobil yollarının bərpası işləri aparılır. Bu yol müzəffər Ordumuzun 3 oktyabr əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub. Yoldan əsər-əlamət qalmadığı üçün yenidən tikilir. İnşallah, qısa müddətdə yolu istifadəyə verəciyik.

İşğaldan azad edilmiş yaşayış məntəqələrinə gedən avtomobil yollarının bərpası ümumiyyətlə Qarabağa qayıdışın təcəssümüdür. Çünki həmin yolların davamı birbaşa olaraq Qarabağımıza aparır. İnşallah, işğal altında olan torpaqlarımız tam azad olunduqdan sonra bütün yolların bərpasına başlayarıq.

Ümumilikdə işğal altında olan torpaqlarımızda 2661 km avtomobil yolu var idi. Bu yolun artıq böyük bir hissəsi azad olunub. Hacıqabul-Bəhrəmtəpə-Mincivan 286 km-lik magistral yolunun düşmən tapdağında olan 110 km hissəsi artıq tam azad edilib. Ümid edirəm ki, növbəti mərhələdə ölkə başçısı, Ali Baş Komandan tərəfindən tapşırığa əsasən, həmin magistral yolun tərəfimizdən yenidənqurma işlərinə start verərik. Çünki Horadiz qəsəbəsinə qədər o yol tam olaraq müasir dərəcədə, ikinci texniki dərəcəyə uyğun qurulub. İnşallah, Ermənistan sərhəddinə qədər bu işlər davam etdiriləcək”.

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilər üçün qaz çəkilişinin lahiyəsi hazırlanır: “İşğaldan azad olunmuş ərazilərimizə baxış keçirilib. Həmin ərazilər üzrə lahiyələr hazırlanır. İnşallah, yaxın zamanda layihələrin icrasına başlanılacaq”.

“Azərişıq”ın mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, mülki obyektlərin hədəfə alınması nəticəsində baş verən qəzaların aradan qaldırılması və azad olunmuş torpaqlarda güc mərkəzlərinin yaradılması üçün işlər gedir: “Qəzaların aradan qaldırılması və bərpası işləri gecə-gündüz operativ şəkildə həyata keçirilir. Azad olunmuş torpaqlarda ən müasir texnologiyalardan güc mərkəzləri yaradılır. Məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə layihələr hazırlanıb, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Lakin nəzərdə tutulan layihələri yerinə yetirilənədək “Azərişıq” ASC azad olunmuş ərazilərdə müvəqqəti elektrik enerjisinin bərpası üçün “Azərişıq Qarabağda” layihəsini həyata keçirməyə başlayıb. Ümid edirəm ki, işğaldan azad olunmuş torpaqlarımızı elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyik”.