Məlum olduğu kimi Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərini tam bərpa etdikdən sonra onlayn bilet satışını dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, AZAL-ın bilet satışı zamanı bəzi kassalarda vətəndaşlar ödənişlərin həyata keçirilməsi məqsədilə POS Terminal tələb etsə də, kassada yalnız nağd ödəniş edilməsinin mümkünlüyü bildirilib. Redaksiyamıza müraciət edən oxucu belə bir fakt ilə Azərbaycan Hava Yollarının Sumqayıt şəhər, 3 mkn ərazisində yerləşən kassasında rastlaşdığını söyləyib.
Ölkə üzrə bütün sahələrdə nağdsız ödənişlərin həyata keçirilməsinin mümkünlüyü və bunun təşviqi həyata keçirildiyi bir məqamda AZAL vətəndaşlardan nağdsız ödəmənin mümkün olmadığını qeyd edir.
Bilet satışını həyata keçirən “SİLK WAY” aviaşirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Ümid edirik ki, aidiyyatı dövlət qurumları qeyd olunan məsələni diqqətdə saxlayacaq.
Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
AZAL-ın bilet satışı zamanı nağdsız ödəmədən imtina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarının pozulması deməkdir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyə qədər artırıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
NOCOMMENT.az