AZAL-ın keçmiş prezidenti qəza haqda: Bunu gizlətmək olmazdıbackend

AZAL-ın keçmiş prezidenti qəza haqda: Bunu gizlətmək olmazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az AZAL-ın keçmiş prezidenti, birinci dərəcəli təyyarəçi, texniki elmləri doktoru, iqtisad elmləri doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyevin Globalinfo.az-a müsahibəsini təqdim edir:

– Ədalət bəy, pilotumuzun Qroznıdan olan dispetçerlə dialoqu yayılıb. Belə hallarda ekipaj və pilot öz ölkəsinin dispetçeri ilə əlaqə saxlaya bilirmi?

– Xeyr, bu, müəyyən vaxtdan sonra mümkün olmur. Çünki əlaqə yarada bilmək məsafədən asılıdır. Bakı-Qroznı arasında nəzarət zonası var. Burada hər ərazinin öz rabitə imkanları mövcuddur. Onlar o ərazini keçmədən Azərbaycanla əlaqə saxlaya bilərdilər. Görünür ki, radiodalğa tutmadığı üçün elə Çeçenistanla əlaqə saxlayıblar. Hansı zonada uçursansa, oranın da idarəetmə sistemi ilə əlaqə saxlamalı olursan.

– Dispetçerlə olan danışıqları tam şəkildə əldə etmək olurmu?

– Əlbəttə! Dispetçerlə hər bir əlaqə həm yerdə olan maqnitofona, həm də təyyarədə qeydə alınır. Amma belə məsələ də var ki, səs bir saatlıq yazılır, sonra silinir. Lakin “Qara qutu” açıldıqda o səs orada olur.

– Sizcə, niyə Mahaçqaladan Rusiyanın yaxın şəhərlərinə və ya Bakıya deyil, Aktauya uçmalı olublar?

– Çox güman ki, pilotu Aktauya istiqamətləndiriblər. Aktau yaxın olduğu üçün də ora gedib.

-Təyyarənin Rusiya HHM ilə vurulduğu bildirilir. Rusiyaya qayıtsa, təyyarənin vurulması gizlədilə bilərdimi?

– Görüntülərdə qəlpə izlərini göstərən şəxs mənim tələbəm İlham Əmirovdur. O, çox peşəkar adamdır. Ümumiyyətlə, təyyarə qəzalarının araşdırması üçün xüsusi mütəxəssislər cəlb olunur. Sıradan bir adam təyyarə qəzasını araşdıra bilməz və icazə verilmir. Ona görə də bu məsələ işinin peşəkarı olan AZAL-ın baş direktorunun müavini İlham Əmirova tapşırılıb. Təyyarəyə kənar müdaxiləni gizlətmək mümkün olmazdı.

– Təyyarə məhz dəyən qəlpəyə görə eniş edərkən partlayıb?

– Bilirsiniz, zədə nəticəsində hidromexanik idarəetmə sistemi pozulduğu üçün təyyarə pis idarə olunub. Nəticədə də belə alınıb.

-Təyyarə qəlpə zədəsi alması nəticəsində uzun müddət uçuşa davam edə bilərmi?

– Təyyarə 10 min metr hündürlükdə olan zaman böyük deşik əmələ gəlsə, 9 saniyə ərzində insan həlak olar. Deməli, orada deşiklər xırda olduğu üçün hava gec çıxıb. Təzyiq yavaş-yavaş aşağı düşdükcə isə sərnişinlər artıq özlərini pis hiss ediblər.

– Hidrovlika necə işləyir?

– Hidrovlika sistemi elə şeydir ki, onun da istifadə müddəti var. Məsələn, hansısa əşyanın istifadə müddəti bir saatlıqdırsa, sən onu iki saat işlətdikdə iş qabiliyyəti azalır, keyfiyyəti düşür. Bu sistem də elədir. Zaman keçdikcə qabiliyyətini itirir. Əgər hidrovlik sistemi zədələnibsə, ola bilər içində olan maye də axıb-gedib. Sırf buna görə də idarəetmə sistemi tamamilə pozulub. Sonda da Aktau şəhərində qəza baş verib.

– Ədalət bəy, əgər Aktau və ya yaxın məsafədə olan şəhərlərin hava limanına eniş etməyə icazə verilsə idi, yenə partlayış baş verərdi?

– Bu, uçuş müddətindən asılıdır. Aeroporta tez yetişsə idi, uğurla eniş edə bilərdi. Bizim təyyarəmiz Rusiyanın 5 şəhərinə eniş edə bilərdi. Hətta aeroportlar çox yaxın olub. Sadəcə, Rusiya bilərəkdən öz ölkəsinə eniş etməyə razı olmayıb. Əslində, zamanında şərait yaradıla bilərdi. Biliblər ki, eniş etdikdən sonra təyyarənin ruslar tərəfindən zədələndiyi üzə çıxacaq və bu, yaxşı nəticə verməyəcək. İzi itirmək üçün də Aktauya göndəriblər ki, dənizə düşsün, hadisənin izi-tozu itsin. Sağ qalmaq imkanı olsa da, vaxt olmayıb. Beynəlxalq Mülki Aviasiya təşkilatının qərarı ilə bu, böyük qayda pozuntusudur. Çünki çətin vəziyyətdə olan təyyarəyə hər kəs dəstək olmalıdır. Təəssüf ki, Rusiya ərazisində bizə yardım əli uzadan olmadı.

– Azərbaycan qəza ilə bağlı hansı addımları ata bilər?

– İranda Ukrayna təyyarəsi vurulanda Tehran Kiyevdən üzr istəmiş, yanlışlıqla vurduğunu bildirmişdi. Hətta bütün xərcləri də özü qarşıladı. Amma Rusiya bunu törətsə də, addım atmır. Onlar nəinki Azərbaycanın Prezidentindən, bütün xalqdan üzr istəməli və xərcləri öz üzərlərinə götürməli idilər. Çünki bəzi həlak olanlar tanınmaz haldadır, sənədləri də üzərlərində deyil. Bir adamın kimliyini müəyyən etmək, DNK analizi aparmaq ən azı 120 min dollara başa gəlir. İşin tədqiqat xərci çoxdur.

– Qəzada partlayan təyyarənin qiyməti nə qədərdir?

– Həmin təyyarənin konkret neçəyə alındığını deyə bilmərəm. Amma təxmini qiyməti 35 milyon dollar civarındadır.