AZAL özəlləşdirilir? – Proses başlayıbbackend

AZAL özəlləşdirilir? – Proses başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Gürcüstanın ən iri aviaşirkəti – “Gürcüstan Hava Yolları” satışa çıxarılıb. Aviadaşıyıcının keçmiş baş direktoru, “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya şirkətin 150 milyon ABŞ dollarına satıldığını deyib.

Maraqlıdır qonşu ölkədə tətbiq olunan bu yenilik Azərbaycanda da tətbiq oluna bilərmi? Uzun illərdir hər kəsin qiymətlərindən narazılıq etdiyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) də özəlləşdirilməsi reallaşa bilərmi?

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, Azərbaycanda dövət şirkətlərinin özəlləşdirilməsi ilə bağlı ümumi istiqamət mövcuddur: “İnvestisiya Holdinqinin yaradılmasında da əsas məqsəd həmin müəssiəsləri sağlamlaşdırmaq və korporativ idarəetmə qaydalarını tətbiq etməklə həmin şirkətlərin müəyyən mərhələlərlə dövlət maraqlarına cavab verən formada özəlləşməsini təmin etməkdir.

İstənilən halda İnvestisiya Holdinqinin tərkibinə daxil olan və sağlamlaşdırılan dövlət şirkətlərinin son məqsədi özəlləşmə ilə bağlı daha sərfəli proqram həyata keçirməkdir. Lakin şirkətlərin özəlləşdirilməsi kifayət qədər uzun bir prosesdir.

Bunun üçün şirkətlər sağlam olmalıdır. Gələn investorların görə biləcəyi işlər və vətəndaşların fayda əldə edə biləcəyi kimi məqamlar nəzərə alınmalıdır. Getdikcə bazarda daha çox özəl sektorun investisiyaları, özəl sektorun iştirakçıları və həcmi daha çox artmalıdır. 2022-ci ilin büdcə gəlirərində özəlləşmədən daxil olacaq rəqəmin planlaşdırılması təqdim edilib. Özəlləşdirmə proqramına hansı şirkətlərin daxil olacağı isə hökumətin bu istiqamətdə görəcəyi işlərdən asılıdır. Cari ildə hansı şirkətlərin özəlləşəcəyinə dair məlumat hələlik parlament olaraq bizdə yoxdur. Lakin onu deyə bilərəm ki, bu proses artıq bizdə də başlayıb”.

Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirdi ki, təkcə AZAL deyil, digər şirkətlər də özəlləşdirilə bilər: “Bu şirkətlərin müəyyən hissəsinin özəlləşdirilməsinin tərəfdarıyıq. Hesab edirəm ki, bu proses Azərbaycanda da getməlidir. Dövlət strateji saydığı hissəni öz əlində saxlamaq şərti ilə şirkətləri özəlləşdirməlidir ki, şirkətlər arasında rəqabət yaransın. Bu həm qiymətlərə, həm də xidmətə təsir edəcək. Bəllidir ki, Azərbaycanda özəlləşdirmə problemi var və bunu həll etmək vacibdir.

Aldığım məlumata görə həmin məsələ ətrafında işlər gedir. Yəqin ki, vaxtı gələndə bizdə də özəlləşmə məsələsi öz həllini tapacaq. Söhbət təkcə AZAL-dan yox, eyni zamanda, SOCAR və digər böyük şirkətlərdən gedir. Biz ölkəmizdə daha çox şirkətin işləməsinin tərəfdarıyıq. Şirkət nə qədər çox olarsa, rəqabət də o qədər güclü olar”.