“Azərbaycan Hava Yolları” QSC rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, QSC-nin 2023-cü ildə əsas rəhbər heyətinə 453 min manat əmək haqqı ödənilib. Bu isə 2022-ci ilə nisbətən 2,7% və ya 12 min manat çox olub. Belə ki, 2022-ci ildə AZAL rəhbərliyinə ödənişlər 441 min manat təşkil edib.
Bu isə AZAL-ın işçi heyətinə ödənilən əməkhaqlarının 0,3%-i deməkdir. Belə ki, 2023-cü ildə AZAL işçilərinə ümumilikdə 171,6 milyon manat ödəniş edib.
Qeyd edək ki, dövlət şirkəti rəsmi səhifəsində idarə heyəti ilə bağlı məlumatları açıqlamayıb. Bununla belə, Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” imzaladığı qərardan məlum olur ki, 2023-cü ildə şirkətin idarə heyəti prezident, 2 birinci vitse-prezident və 4 vitse-prezidentdən, yəni 7 nəfərdən ibarət olub. Bu isə o deməkdir ki, AZAL-ın rəhbərliyinin illik gəliri orta hesabla 64,4 min manat təşkil edib. 2022-ci il üzrə isə bu rəqəm 88,2 min manat təşkil edib.
Qeyd edək ki, AZAL-ın hazırkı prezidenti Samir Rzayev 2022-ci ilin fevral ayında vitse-prezident, 2022-ci ilin noyabr ayında isə birinci vitse-prezident təyin edilib. 2023-cü ilin sentyabr ayında Cahangir Əsgərov vəzifədən uzaqlaşdırıldıqdan sonra prezident vəzifəsini icra edib. 2024-cü ilin fevral ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən QSC-nin prezidenti təyin edilib.\\Valyuta.az