Azərbaycanın müstəqilliyini bərpa etməsindən bəri Azərbaycan-ABŞ münasibətləri zəngin, eyni zamanda mürəkkəb yol keçib. İki ölkə arasında əməkdaşlıq iki xalqın marağına xidmət edir.
NOCOMMENT.az xəbər verir ki, bu fikri “Report”a Azərbaycan-ABŞ münasibətlərini analiz edərkən Milli Məclisin deputatı Qaya Məmmədov deyib. O xatırladıb ki, 1997-ci ildə Heydər Əliyevin ABŞ-a rəsmi səfəri ilə əsası qoyulmuş məzmunlu tərəfdaşlıq çərçivəsində ötən onilliklər ərzində əhəmiyyətli uğurlar əldə edilib:
“Təəssüf ki, əvvəlcə Barak Obama, sonra isə Cozef Baydenin prezidentliyi dövründə ABŞ administrasiyasının zərərli ideologiyaya əsaslanan qeyri-rasional addımları nəticəsində ikitərəfli münasibətlərimiz xeyli zərər gördü.
Hazırda isə prezident Donald Trampın praqmatik yanaşması, o cümlədən, Azərbaycana qarşı sistematik qərəz nümayiş etdirmiş strukturları ləğv etməsi ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli imkan yaradır”.
Deputatın sözlərinə görə, son zamanlar iki ölkə arasındakı münasibətlərlə bağlı nikbinlik formalaşıb:
“Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda çıxışında da Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi barədə fikirlərini səsləndirdi. Bu, nikbinlik üçün əsas yaradır. İnanırıq ki, iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan yüksək səviyyəli siyasi dialoq praktik əməkdaşlıqda konkret nəticələrə gətirib çıxaracaq”.
Xatırladaq ki, aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda sabiq Prezident İlham Əliyev ABŞ prezidenti Cozef Baydenin hakimiyyətindən bəhs edərək deyib: “Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfıra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi”.
Aprelin 10-da isə Donald Tramp Prezident İlham Əliyevə məktub ünvanlayıb. O, Azərbaycanla ölkəsi arasında əlaqələrin zəngin tarixə malik olduğunu qeyd edərək bildirib: “Mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm”.