Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?backend

Azərbaycan banklarının dollarla bağlı müəmmalı siyasəti: Manatı nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. Limiti aşan vətəndaşlar 1 il ərzində bu imkandan məhrum qalırlar. Bəzi hallarda isə banklar limit adı altında vətəndaşlardan dollar almaqdan imtina edir, bununla bağlı müxtəlif bəhanələr gətirirlər. Halbuki dolların banklar tərəfindən alışı milli valyutanın məzənnəsinin stabilliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən də əhalidən valyuta alışı zamanı limitin tətbiq edilməsi doğru addım deyil.

NOCOMMENT.az Publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu limit qeyri-rəsmidir.

“Yəni, qanunda belə bir məqam yoxdur. Buna baxmayaraq praktikada bunu tədbiq edirlər. Banklar özlərindən 20 min manatlıq limit qoyublar. Məbləğ qoyulan limitdən artıq olanda deyirlər ki, pulun mənbəyi haradır, bunu təsdiqləyən sənədlər gətir”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, məmurların gəlir və xərc bəyannaməsi olmayan ölkədə heç kəs soruşa bilməz ki, pul hardan əldə edilib: “Vətəndaşlar gedib özünə 200 minlik ev, maşın alırlar. Heç kəs, heç bir qurum soruşmur ki, bunu necə aldın? Amma banklar dollar mübadiləsi zamanı məbləği soruşurlar, maraqlanırlar”.

Əkrəm Həsənov əlavə edib ki, burada əsas məqsəd insanları dollar alışından çəkindirməkdir:

“Bu faktı artıq hamı bilir və görür. Bu limiti qoyan hansısa dövlət orqanıdır, lakin adını qoyublar ki, bunu banklar edir. Bu da gülməlidir, banklar niyə özlərinə limit qoysunlar? Bankların əsas funksiyalarından biri valyuta mübadiləsi əməliyyatı ilə pul qazanmaqdır. Bir sözlə, Azərbaycanda maliyyə sisteminin vəziyyəti elə də qənaətbəxş deyil. Əgər yaxşı olsaydı, belə qanunsuz limiti bu yolla tədbiq etməzdilər”.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına sorğu göndərsək və dəfələrlə əlaqə saxlasaq da, hələlik cavab verilməyib. Buna baxmayaraq, biz öz növbəmizdə qarşı tərəfin cavabını yayımlamağa hazırıq.