Azərbaycan dilinin evini yıxırlar – Professorbackend

Azərbaycan dilinin evini yıxırlar – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstənilən dilin orfoqrafiya lüğətinin dəyişilməsi linqvistik cinayətdir. Bu cinayəti Azərbaycanda da həyata keçirirlər. Akademik sistemin bu hərəkətini pisləmişəm, hətta mənim üzərimə də gəliblər”.

NOCOMMENT.az xəbər verir ki, bunu orfoqrafiya lüğətlərinin tez-tez dəyişdirilməsi haqqında redaktor.az-a danışan AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov deyib.

Professor deyib ki, heç bir mütərəqqi dil orfoqrafiya lüğətində bu qədər dəyişikliklər etmir:

“Bunu dilə xəyanət də saymaq olar. Bunu niyə edirlər başa düşə bilmirəm. Təsəvvür edin lüğətlərə görə valideynlə uşaq arasında böyük bir uçurum yaradıblar. Lüğətlərin dəyişdirilməsi akademiklərin keyfi davranışlarından irəli gəlir. O qədər boş qalıblar ki, heç bir iş görmürlər, faktiki olaraq əylənirlər. Gerçək işlərlə məşğul olmurlar, dilçilik sahəsində əsərlər çox pis gündədir. Əsərlər elmilikdən uzaq, köçürmələr, səhvlər və yanlışlıqlardan ibarətdir. Əgər istəyirlərsə, jurnalistlərin və yaxud digər peşə sahiblərinin yazılarında səhihliyi axtarsınlar. İlk növbədə Dilçilik İnstitutundan, Dil Komissiyasından başlamaq lazımdır. Çünki dili korlayan Dil komissiyasıdır, dilçilərdir. Bir il yazırlar “metafora” sonrakı il “metafor”, növbəti dəfə isə “metafora” yazılır. Bizim dilimizin orfoqrafiyası, fransız, ingilis dilinin orfoqrafiyasından çətin deyil, dünyada ən asan orfoqrafiyadır.

Bu, Azərbaycan dilini hörmətdən salmaq, Azərbaycan dilini gözdən salmaq məqsədini daşıyır. “Azərbaycan dilinin saflığını qoruyuruq” şüarı altında Azərbaycan dilinin evini yıxırlar, Azərbaycan dilini talayırlar, darmadağın edirlər. Bunu orfoqrafiyadan başlayaraq həyata keçirirlər, bu, çox təhlükəli tendensiyadır. Alim, akademik pərdəsi altında gizlənərək  ustacasına əl altından dili məhvə aparırlar, dili hörmətdən salırlar, gözdən salırlar. Artıq abituriyentlərin ana dilindən imtahan verməkdən zəhlələri gedir. Bunu dilə xəyanət sayıram, bu işi edənlər əslində məsuliyyətə cəlb olunmalıdırlar. Daxildə bunu edən bəzi düşmən qüvvələr var və bunu həyata keçirirlər. Mən özüm bir dilçi kimi, bir alim kimi bunu düşmənçilik sayıram. Axşam yatırlar, səhər durub ağıllarına gələn şeyi sırıyırlar cəmiyyətə, axı bu qədər məsuliyyətsizlik olmaz. Bu gün ingilis dilindən imtahan Azərbaycan dilindən imtahan verməkdən asandır. Çünki onların orfoqrafiyası hər gün dəyişdirilmir”.