Azərbaycan əhalisinin sayı azalır – AÇIQLAMAbackend

Azərbaycan əhalisinin sayı azalır  – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar pandemiya ilə əlaqəli olaraq kütləvi tədbirlərin həyata keçirilməsinə, eləcə də toy mərasimlərinin təşkilinə müəyyən məhdudiyyətlər qoyulmuşdu. Nəticə etibarı ilə əhalinin demoqrafik vəziyyəti müəyyən qədər dəyişib.

“Aydındır ki, toyların olmaması, müəyyən məhdudiyyətlərin qoyulması, kütləvi nigah hallarının qeydə alınmaması nəticəsində əhalinin demoqrafik vəziyyətində azalma ilə rastlaşırıq. Bu da xüsusi ilə gənc nəsil arasında nigahların azalması nəticəsində doğum sayının azalması nəinki demoqrafik sahədə, həmçinin müxtəlif iş sahələrində də, əmək bazarında da, müəyyən qədər təhsil sistemində də gələcəkdə bizi müəyyən problemlərlə rastlaşmağımıza səbəb olacaq”

Bunu NOCOMMENT-ə açıqlamasında sosioloq Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin doğum səviyyəsi Avropa ölkələri ilə müqayisədə müəyyən qədər yaxşı vəziyyətdədir.

“Bəzi Avropa ölkələrində doğum sayının azalması ilə yanaşı , ölüm hallarında da artım müşahidə olunur. Azərbaycanda pandemiya dövründə də əhalinin müəyyən qədər artımı müşahidə olunur. Amma əvvəlki illərlə müqayisədə bu artım elə də ürəkaçan deyil”.

Sosioloq onu da bildirib ki, pandemiya dövründə insaların işini itirməsi, sosial problemlərin artması, ailədaxili gərginliyin çoxalması yeni evlənən cütlüklər arasında boşanmaların sayının artmasına səbəb olub. Bu da demoqrafik vəziyyətə təsir edən amillərdən biridir.

“Demoqrafik vəziyyəti yenidən əvvəlki səviyyəyə gətirmək üçün əhali arasında maariflənmə işləri daha çox artırılmalıdır. Pandemiyadan əvvəlki dövrdəki toy şənliklərinin keçirilməsindən imtina edib, daha az heyətlə toy mərasimlərinin həyata keçirilməsinə daha çox üstünlük verilsin. Yaxşı olardı ki, dövlət qurumları tərəfindən bu sahədə daha ciddi tədbirlər həyata keçirilsin”.

2021-ci ilin yanvar-may aylarında əhalinin sayı 16 139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10 135 272 nəfərə çatıb. Qeyd edək ki, 2019-cu ilin əvvəlindən ölkə əhalisinin sayı 53 894 nəfər artaraq 10 035 351 nəfərə çatmışdır.

 

Nərmin Vüqarqızı