Azərbaycan Fələstində səfirlik aça bilməz – SƏBƏB NƏDİR?backend

Azərbaycan Fələstində səfirlik aça bilməz – SƏBƏB NƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Fələstində səfirliyinin açılması məsələsi yenidən siyasi gündəmə gəlib.

Belə ki, avqustun 9-da Türkiyənin Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh səfirliyin açılmasından söz açıb. Azərbaycanın bütün sahələrdə nailiyyətlər əldə etdiyini söyləyən Baş nazir Fələstində səfirliyin açılması ilə əlaqədar məsələ qaldırıb.

Bəs Azərbaycan Fələstində səfirlik aça bilərmi?

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli hesab edir ki, Fələstin dövlətinin yaradılması prosesi hələ rəsmən başa çatmayıb.

Bu mənada hazırda Fələstində Azərbaycan səfirliyinin açılması mümkün deyil: “İlk növbədə Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasındakı narazılıq aradan qaldırılmalıdır. Eyni zamanda ölkə daxilində rəsmi dövlət strukturlarının yaradılması prosesi yekunlaşmalıdır. Fələstin dövləti elan edildikdən sonra İsraillə rəsmi sülh sazişi imzalanmalıdır. Bu saziş özündə 1979-cu ildə imzalanmış Kemp-Devid sazişinin müddəalarını da ehtiva etməlidir. Sazişdə, həmçinin İsrail və Fələstin xalqının dinc, yanaşı yaşaması prinsipləri yer almalıdır. Bundan sonra Fələstin dövlətinin yaradılması rəsmən elan edilməli və digər dövlətlərdən onların dövlət müstəqilliyini tanıması xahiş edilməlidir”.

Siyasi prosesləri təhlil edən politoloq hesab edir ki, Azərbaycan Fələstində səfirlik aça bilməz.

Diplomatik nümayəndəliyin hansı halda açılacağına gəlincə, eks-dövlət müşaviri bununla bağlı şərtlərdən söz açıb: “Sadaladığım məsələlərin həyata keçirilməməsi, xüsusilə də Fələstin daxilində qarşıdurmaların olması, eyni zamanda Həmasın terrorçu təşkilat kimi elan edilməsi səbəbindən vahid Fələstin dövlətinin yaradılması işi gecikir. Bütün bunları nəzərə alaraq Azərbaycan elan edilməyən, BMT tərəfindən tanınmayan, sırf kağız üstündə mövcud olan dövlətin ərazisində səfirliyini aça bilməz. Bunun üçün beynəlxalq hüququn tələb etdiyi prosedurlar həyata keçirilməli, yalnız bundan sonra iki dövlət arasında diplomatik əlaqələrin yaradılması istiqamətində danışıqlar başlamalıdır”.