Azərbaycan gəncliyi ilə bağlı SOS: ermənilər “ağ günə cıxdı”, bizdə isə…backend

Azərbaycan gəncliyi ilə bağlı SOS: ermənilər “ağ günə cıxdı”, bizdə isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri zamanı İrəvan mətbuat klubunun prezidenti Boris Navasardyan son aylar ərzində ölkələrimiz arasında aparılan danışıqların ermənilərin miqrasiyasına və demoqrafiyasına fayda gətirdiyinə diqqəti cəlb etdi.

CBC telekanalına müsahibəsində Navasardyan bildirdi ki, son aylarda gələcəklə bağlı pozitiv siqnalların gəlməsi insanların psixologiyasına müsbət təsir edir. “Onlar gələcəkləri ilə bağlı bir növ daha sakitdirlər, iş sferasında, biznesdə, hətta ailə qurmaqda gələcəklərini planlaşdırırlar. Əgər əvvəllər çoxları düşünürdülər ki, qarşıda qeyri-müəyyənlikdir və ölkəni tərk etmək fikirləri vardısa, indi həmin tendensiya əhəmiyyətli şəkildə azalıb və bu, son aylarda danışıqlar prosesində baş verənlərin nəticəsidir”, – deyə Navasardyan vurğulayıb.

Sözsüz ki, sülh danışıqları qalibiyyətin bütün zövqünü iliyinə qədər hiss edən xalqımıza da rahatlıq gətirib. Amma, çox təəssüf ki, bunu gənclərimizin öz gələcəkləri ilə bağlı planlarına aid edə bilmirik.

Heç bir statistik məlumata nəzər salmadan demək olar ki, ölkəmizdən gənclərin axını sürətlənib. Bu amil bir tərəfdən övladsız yaşayan tənha valideynlərin sayını artırmaqdadır, digər tərəfdən isə ailələrin qurulması prosesinə, deməli demoqrafiyaya da öz mənfi təsirini göstərməkdədir.

Ölkəmizi tərk edən gənc qızların və oğlanların demək olar ki, əksəriyyəti ya ailə qurmağa tələsmir, ya da məskunlaşdıqları ölkələrdə əcnəbi ilə nikaha girməklə xarici dövlətlərin demoqrafiyasına töhfə verir. Ölkəmizdə ailə quranlar isə bir və ya iki övladın dünyaya gəlməsi ilə kifayətlənirlər. Onlar bunu gənc ailələrə kifayət qədər dəstəyin göstərilmədiyi, uşaq pulunun verilmədiyi və maddi imkanlarının məhdud çərçivəsi ilə izah edirlər.

NOCOMMENT.az-a açıqlamasında adının çəkilməsini istəməyən universitet müəllimi etiraf etdi ki, son illərdə tələbələri ilə ünsiyyəti zamanı onların ailə institutuna münasibətlərindən dəhşətə gəlir.

“İndiki oğlanlar və qızlar qətiyyən evlənmək istəmirlər və bunu gizlətmirlər də. İndi subayların əksəriyyəti bunu “özümüz üçün yaşamalıyıq” devizi və ailə institutunun dağılması ilə izah edirlər”.

Ailələri ilə Kanada, İsveç kimi ölkələrə birdəfəlik yollanan soydaşlarımız isə bunu övladlarının təhsili, rüşvətsiz, sosial ədalətin qorunduğu cəmiyyətdə yaşamaq arzusu ilə əlaqələndirirlər.

“Hər şey insanın rifahına hesablanıb. Hər dəfə övladlarımın məktəbdən xoş əhval-ruhiyyədə qayıtdığını görəndə mən də xoşbəxt oluram. Çünki məktəblərdə güclü və sərbəst şəxsiyyətlər hazırlayırlar”, – deyə soydaşlarımızdan biri saytımıza bildirib.

Azərbaycan statistik informasiya xidmətinin məlumatına görə, 2025-ci ilin 1 sentyabrınadək sayı 10 249 500 nəfər olan əhalimizin arasında nikahların sayı azalıb, boşanmaların sayı artıb.

2024-cü ilin göstəricisinə görə, nikahların sayı 49508 olub. Bu göstərici 2023 üzrə 54200, 2022 üzrə 61939 təşkil edib. 2024-cü il üzrə boşanmaların sayı 21384 təşkil edib. 2023 üzrə bu rəqəm 21688, 2022 üzrə 15983 olub.

Doğulan körpələrin sayında da azalma müşahidə olunmaqdadır. Məsələn, 2024-cü ildə doğulanların sayı 102310 nəfər olub. Halbuki 2023-cü ildə onların sayı 112620, 2022-ci ildə isə 122846 nəfər təşkil edib.

1 yaşadək ölən uşaqların sayı da narahatlıq doğurur. 2024-ci ildə körpələr arasında ölüm sayı 1420, 2023 üzrə 2039, 2022 üzrə 959, 2021 üzrə 840 nəfər olub.

Və bu göstəricilərlə əlaqədar artıq vətəndaş cəmiyyətimizdə həyəcanlı səslər ucalmaqdadır. İstər siyasi partiyaların, istər qeyri-hökumət təşkilatlarının rəhbərləri, istərsə də media mənsubları var gücləri ilə mövcud demoqrafik duruma və onun kritik nəticələrinə diqqəti cəlb etməyə çalışırlar. Amma ölkəmizdə fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rəhbərliyinin dünya vecinə deyil…

Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfərlərinin birində əhalimizin sayının artırılmasına çağırmış, hər ailənin 3 övlada sahib olmasının vacib olduğuna diqqəti cəlb etmişdi.

Bu günlərdə isə Türkiyə lideri öz ölkəsində sayı 86 milyon təşkil edən əhalisinin artım tempi ilə əlaqədar “həyəcan təbili” çalıb. O, ölkədə əhalinin artım tempinin kəskin şəkildə azaldığını bildirib və bunu fəlakət adlandırıb.

“Ölkədə əhalinin artım tempi azalır və doğum nisbətinə baxanda biz faktiki fəlakətlə üz-üzəyik. Cəmiyyət getdikcə fərdiyyətçiliyə yönəlir və bu, bizi tənha edir. Ümumi doğum nisbəti minimum artım səviyyəsindən aşağı düşüb. Ötən il üçün ümumi doğum nisbəti 1,48 olub. Bu da əhalinin artımı üçün tələb olunan 2,10-dan xeyli aşağıdır. Gələcəyimizin perspektivi baxımından həyəcan təbili çox yüksəkdən çalınır. Bu ölkənin taleyini düşünən heç kim buna biganə qala bilməz”, – Türkiyə lideri əlavə edib.

Onun sözlərinə görə, doğumun azalmasında əsas amil şəhərdəki qadınların getdikcə öz problemləri ilə baş-başa qalmasıdır:

“Mən açıq danışmağa məcburam. Kişilər inciməməlidir, amma reallıq budur. Uşaqların tərbiyəsindən söz gedəndə qadınlar çox vaxt həyat yoldaşlarından lazımi dəstəyi almırlar. Təəssüf ki, yükün böyük hissəsi qadınların çiyninə düşür”.

Türkiyədə yaşayan soydaşlarımızın sözlərinə görə, indi qardaş ölkədə övlad dünyaya gətirmək əvəzinə gənc və orta nəsil evdə it və ya pişik saxlamağa üstünlük verir.

Onlar bunu “uşağın daha böyük xərc tələb etməsi” və ya “özümüz nə gün görürük ki, belə dünyaya hələ uşaq da gətirək, yazıq deyilmi uşağa” zehniyyəti ilə izah edirlər.

İstər Türkiyədə, istərsə də Azərbaycanda fədakar qadınlar və analar mövcud olsalar da, çox təəssüf ki, Qərbdən ölkələrimizə sıçrayan bu zərərli zehniyyət, eləcə də qadınların daha çox siqaretə və içkiyə qurşanması kimi mənfi tendensiyalar bizim ölkədə də hökmranlıq etməyə başlayıb.

Odur ki, Türkiyə prezidentinin “Bu ölkənin taleyini düşünən heç kim buna biganə qala bilməz” çağırışından Azərbaycan hökuməti də zəruri nəticə çıxarmalıdır.

Gecə-gündüz vergilərin və cərimələrin artırılması ilə məşğul olanlar təcili şəkildə bu zehniyyətin aradan qaldırılması üçün səfərbər olmalıdır. Sonra gec olacaq!

Xatirə SADİQ