Bu gün Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Ölkələrimizi təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Təsadüfi deyil ki, Gürcüstanın yeni seçilmiş liderləri də ilk səfərlərini məhz Azərbaycana edirlər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, yeni seçilən Baş nazir İrakli Kobaxidze də ənənəyə sadiq qalıb. Məlumat üçün bildirək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü yüksək səviyyədə qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Yeni formalaşmış Gürcüstan hökumətinin rəhbərinin ilk xarici səfərini yanvarın 17-də Azərbaycana etməsi də dostluğun və tərəfdaşlığın gücünü bir daha təsdiqləyir. Bundan öncə isə Gürcüstanın xarici işlər naziri Bakıya səfər edib. Bu ardıcıl səfərlər göstərir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda və daha geniş regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır.
Azərbaycan və Gürcüstan dünya siyasətində yeni, güclü oyunçulara çevrilir və əminliklə də demək olar ki, nə Şərq, nə də Qərb öz inkişafını eyni səviyyədə davam etdirə bilər. Azərbaycan və Gürcüstan bütün sahələrdə, təkcə iqtisadi deyil, siyasi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməkdədir. Məqsəd də bölgədə əbədi sülh və rifahın təmin olunmasıdır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev də Gürcüstan Baş naziri ilə görüşündə bu səfərin əhəmiyyətinə toxunub: “Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm”.
Prezident vurğulayıb ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb və bu ənənələr bu gün də yaşayır: “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”.
Digər mühüm bir məsələ. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirməsi bir daha iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər. İlham Əliyev bu mühüm bəyanatla həm də Gürcüstanın regiondakı rolunu vurğulayır. Artıq gürcü mediası da bu bəyanatı xüsusi qeyd edib. Bildirilir ki, Gürcüstanın yeni seçilmiş Baş nazirinin ilk dəfə Azərbaycana, Bakıya gəlməsi ənənəvi haldır. Bu gün dünyada hökm sürən vəziyyət fonunda regional təhlükəsizlik və sülhlə bağlı bəyanatlar mühüm əhəmiyyət kəsb edir və bunun fonunda Qafqazda stabil qonşuluq siyasəti çox vacibdir.
Eyni fikirləri gürcü Baş nazir də bəyan edib. Bildirib ki, “Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”.
Onu da qeyd edək ki, Gürcüstanda yaşayan soydaşlarımız da dövlətin birliyi və güclənməsində öz töhfələrini verib. Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Prezident İlham Əliyev də dəfələrlə soydaşlarımızın iki ölkə arasında əlaqələrin inkişafındakı rolunu yüksək qiymətləndirib, xalqlarımızın əmin-amanlıq şəraitində yaşamasını əldə edilən uğur kimi dəyərləndirib: “Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir”.
Beləliklə, bir daha vurğulamaq yerinə düşər ki, Gürcüstan və Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Ölkələrimiz arasındakı əlaqələrin daim yüksək səviyyədə olması da Gürcüstanın və Azərbaycanın liderlərinin xarici siyasətində prioritet olub və olacaq da. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası da onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.