Azərbaycan sərhədçiləri Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının sərhədboyu fəaliyyətinə nəzarət edir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər fevralın 10-da Zəngilan rayonu ilə həmsərhəd ərazilərə gələrək, binoklla ətrafa baxış keçirib, o cümlədən Azərbaycan istiqamətində müşahidələr aparıblar.
Onların həm avtomobillərlə, həm də piyada hərəkətləri Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altında saxlanılıb və qeydə alınıb.
Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.
APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə məlumat və görüntülər yayıb.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il – 19 fevral 2027-ci ilədək uzadılıb.