Prezident İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsidir”. Dövlət başçısı çıxışı ilə parlamentin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında VII çağırış Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O, Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqladığını da qeyd edib:
“Dövlət başçımız xüsusi olaraq qeyd etdi ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Çünki dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Azərbaycan lideri çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur. İşğal dövründə Ermənistanın yerlə-yeksan etdiyi şəhər və kəndlərimiz yenidən tikilir, ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi işləri dayanmadan aparılır. Bütün bunlar isə Azərbaycanın öz maliyyəsi hesabına həyata keçirilir. Hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir. Qalib ölkəmiz öz ərazilərini işğaldan azad etdiyi kimi, həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi də qarşısına məqsəd qoyub və bu istiqamətdə inamla irəliləməkdədir”.
S.Salmanova bildirib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın tarixi qələbələrini həzm edə bilməyən Ermənistan və onun xaricdəki havadarlarına xəbərdarlıq edib:
“Cənab Prezident söylədi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır və bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlət başçısı qeyd etdi: “Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir”.
Prezident İlham Əliyev onu da vurğuladı ki, qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Hesab edirəm ki, Azərbaycana yersiz və əsassız təzyiq etmək istəyənlər nə qədər ki, gec deyil, bu bəd əməllərindən əl çəkməlidirlər. Əks təqdirdə uduzan yenə də onlar olacaq. Həmin dairələr unutmasınlar ki, Azərbaycan güclü ölkədir və daha da güclü olacaq, çünki onun İlham Əliyev kimi lideri var”.
Deputat VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin çoxpartiyalılıq prinsipi əsasında formalaşdığını da söyləyib:
“Yeni çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də təmsil olunublar. Fikrimcə, bu da demokratik dəyərlərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan uğurlu addımlardan biridir. Yeni çağırış Milli Məclisin tərkibi əminliklə onu deməyə əsas verir ki, parlament Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək”.