Azərbaycan məhsulları Xankəndiyə daşınacaq…backend

Azərbaycan məhsulları Xankəndiyə daşınacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüssel görüşünün yekun nəticəsinə görə, Avropa Birliyi Qarabağdakı erməni əhalisinin ərzaq təminatının Ağdamdan çatdırılmasını dəstəkləyib. Bu, erməni əhalisinin reinteqrasiyasına nail olmaq baxımından həlledici amil ola bilər.

Azərbaycan məhsulları Xankəndiyə daşınacaq və sonrakı addımlara da yol açılacaq: hazırda xəstələrin Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ermənistana aparılması üçün Laçın yolundan şərait yaradılır, lakin ərzaq təminatının BQXK-nın İrəvandakı ofisinə yox, Bakıdakı ofisinə tabe olması xəstələrin də Azərbaycan xəstəxanalarına gətirilməsini şərtləndirəcək, beləliklə, erməni əhalisinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpasına nail ola biləcəyik.

Hərçənd, Brüssel razılaşması və AB-nin Ağdam marşrutunu dəstəkləməsi məsələnin praktiki həlli demək deyil. Separatçılar müqavimət göstərir və erməni əhalisini nəzarətdə saxlayırlar. Bu baxımdan, ərzaq təminatına nail olmaq müəyyən qədər ağrılı proses ola bilər.

Birincisi, separatçılar təxribatlarla eskalasiya yarada, “son erməni qırılana qədər” prinsipinə qədər gedə bilər;

İkincisi, erməni əhalisinə qarşı təxribat törədə və bunu Azərbaycanın üzərinə yıxmaq məqsədilə səhnələşdirə bilərlər.

Ermənistanın iki azyaşlının maşında yataraq, istidən ölməsini Azərbaycanın üzərinə yıxmaq cəhdi də belə ssenarilərin tətbiq ediləcəyini istisna etmir. Rusiya sülhməramlıları da bu məsələdə dəstək verəcək.

Lakin mümkün təxribatların prosesi əvvəlki vəziyyətə qaytaracağı – Laçın postunun yüklər üçün açılmasına səbəb olacağı ehtimalı azdır. Çünki artıq bütün kartlar açılıb və baş verən, yaxud verə biləcək hadisələrin səbəbləri, arxasında kimin olduğu bəllidir.

AB-nin Ağdam marşrutunu dəstəkləməsi isə nəzəri olaraq Bakının mövqeyini gücləndirir. Və Azərbaycan Ağdam marşrutunun praktiki olaraq işə düşməsi istiqamətində addımlarını davam etdirəcək.