Azərbaycanın VI çağırış Milli Məclisinin nümayəndə heyəti Çinin Çindao şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yaşıl İnkişaf üzrə Forumunda iştirak edib.
NOCOMMENT.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu tədbirdə ölkəmizi VI çağırış MM-in sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, parlamentin VI çağırış deputatları Elnur Allahverdiyev, Fatma Yıldırım və Soltan Məmmədov təmsil ediblər.
Forumda “Yaşıl inkişaf yolunda birgə irəliləyiş, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusunda müzakirələr aparılıb. Azərbaycanın COP29-da sədrliyi çərçivəsində ətraf mühitin mühafizəsi və “yaşıl” inkişaf sahələrində fəaliyyət məsələləri də müzakirə olunub.
Elnur Allahverdiyev qeyd olunan forumu “Qafqazinfo”ya şərh edərkən tədbirin yüksək səviyyədə keçirildiyini qeyd edib. Onun sözlərinə görə, iştirakçıların məqsəd və vəzifələr haqqında aydın təsəvvürləri olan tədbir çox səmərəli olub.
“Onu da vurğulamaq istərdim ki, Azərbaycan nümayəndə heyəti ən yüksək səviyyədə qarşılanıb. Hesab edirəm ki, burada təkcə forumda Azərbaycanın COP29-da sədrliyi çərçivəsində fəaliyyət məsələlərinə baxılması deyil, həm də dövlətimizin cənab Prezident İlham Əliyevin siyasəti sayəsində durmadan artan nüfuzunun rolu olub”, – o qeyd edib.
Eyni zamanda, E.Allahverdiyev forumun Astanada keçirilən ŞƏT dövlət başçılarının 24-cü Zirvə görüşündən bir neçə gün sonra baş tutmasına diqqət çəkib. Məlum olduğu kimi, bu Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Prezidenti Si Cinpin arasında görüş keçirilib.
O qeyd edib ki, Azərbaycanın xarici siyasəti təkcə Qərblə deyil, Asiya regionu ilə də əlaqələrin uğurlu inkişafına yönəlib: “Bir müddət əvvəl müəyyən Qərb dairələri, xüsusən də Fransa Azərbaycanı qlobal proseslərdən təcrid etməyə cəhdlər edirdi. Amma əbəs yerə. Bu gün Azərbaycan Avropa və ABŞ ilə yanaşı, Çin, Mərkəzi Asiya ölkələri və digər dövlətlərlə əlaqələri inkişaf etdirir və möhkəmləndirir”.
“Bəzi statistik məlumatları qeyd edim. Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Çin arasında tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz artıb. 2024-cü ilin altı ayında dəmir yolu daşımalarının həcmi 93 faiz artıb. Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərən 300-dən çox Çin şirkəti qeydiyyatdan keçib. Bundan əlavə, hazırda 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes fəaliyyəti ilə bağlı müraciət edib”, – deyə deputat davam edib.
E.Allahverdiyevin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanı dünya arenasında bərabərhüquqlu və etibarlı tərəfdaşa çevirib. “Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının – COP29 Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi bu siyasətin səmərəliliyinin daha bir bariz göstəricisidir. Yeri gəlmişkən, Azərbaycan və Çin dövlət başçıları tərəfindən qəbul edilmiş Birgə Bəyannamədə Pekinin COP29-un Azərbaycanda keçirilməsini alqışladığı və Bakının Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik roluna dəstək verdiyi qeyd olunub”.