Azərbaycan öz nəzarətini Qarabağda addım-addım bərpa edir – Mühüm AÇIQLAMAbackend

Azərbaycan öz nəzarətini Qarabağda addım-addım bərpa edir – Mühüm AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə qədər ki, Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımayıb, Qarabağdakı ermənilərin durumu daha pis olacaq.”

NOCOMMENT.az politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

– Zərdüşt bəy, ötən həftə Xankəndində oturan hərbi cani, separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bəyan edib ki, heç vaxt Azərbaycanın tərkibinə daxil olmayacaqlar, özlərinin xüsusi “ordusunu” yaradırlar və s. Regionda gedən proseslərin ruhuna zidd olan bu açıqlamanı necə şərh etmək olar?

– Mən istər Balasanyanın, Arutyunyanın, istərsə də Xankəndindəki digər ermənilərin bəyanatlarını əsassız hesab etməklə yanaşı əhəmiyyət verməməyi doğru sayıram. Nəyə görə? Balasanyanın fikirlərinə vaxtı ilə Azərbaycan ərazisi işğal ediləndə, erməni ordusu qalib gələndə diqqət etmək olardı. Amma 44 günlük müharibədən sonra Ermənistan ordusu tamamilə dağıdılıb, eləcə də Qarabağdakı separatçıların ordu adlandırdığı silahlı qruplar məhv edilib. Azərbaycan Qarabağ üzərində öz nəzarətini addım-addım bərpa edir. Diplomatik və siyasi proseslərdən xəbəri olan adamlar deyirlər ki, hər addımbaşı Azərbaycan tərəfi erməniləri məcbur edir ki, öz iddialarından əl çəksin. Belə şəraitdə Vitali Balasanyan bəyanat verir. Balasanyan kimdir? Tanınmamış və qəbul edilməyən Dağlıq Qarabağın “təhlükəsizlik şurasının katibi”. Heç kəs də bu qurumu tanımır. Üstəlik onların imkanları yoxdur ki, nəsə etsinlər.

Ermənistanda daxili siyasi vəziyyət belədir ki, hakimiyyət uğrunda mübarizədə müxalifət Nikol Paşinyanı xəyanətdə ittiham edir. Paşinyan isə özünə bəraət qazandırmaq üçün deyir ki, bəli, məğlubiyyət olub, amma hər şey dəyişməz qalıb -“Dağlıq Qarabağ var, onun ordusu da var, biz onu müdafiə edirik”. Əslində isə üçtərəfli bəyanatda elan olunub ki, erməni ordusu Azərbaycan ərazisindən çıxmalıdır və tədricən çıxırlar da. İndi hakimiyyət uğrunda mübarizə, siyasi hakimiyyəti saxlamaq üçün aldadılan erməni xalqına belə mesaj verirlər ki, erməni ordusu Qarabağda oturub. Belə şey yoxdur, çıxır. Hətta erməni xalqını arxayın etmək üçün deyirlər ki, çağırışçıları Dağlıq Qarabağa göndəririk. Digər tərəfdən də əsgər anaları qışqırır ki, yox, balalarımızı Qarabağa göndərməyin, onlar öləcəklər. Bunlar Ermənistandakı daxili siyasi mübarizənin epizodları, ikinci dərəcəli hadisələrdir.

Balasanyan isə iddia edir ki, Dağlıq Qarabağda erməni ordusu var, güclənirlər və s. Əslində isə biz BMT-yə istinad etsək orada 20, ruslara inansaq isə 50 min mülki erməni var. Lap ruslara inandıq, normalda hər bir toplum əhalisinin bir faizi qədər ordu saxlaya bilər. 50 min adamın bir faizi 500 nəfər edir. 500 nəfər Azərbaycanın qarşısında nə edə bilər? Nəzərə alsaq ki, müharibə zamanı 300-dən çox tank və zirehli texnika məhv edilib, indi orada heç nə qalmayıb. 500 nəfərlik ordu və lap götürək onları himayə edən 2 min nəfərlik sülhməramlı. Sülhməramlılar Azərbaycan və Rusiya arasındakı müqavilə əsasında fəaliyyət göstərir, eyni zamanda türk-rus müşahidə mərkəzinin monitorinqinin nəzarəti altında işləyirlər. Bu halda onlar Azərbaycanın dövlət təhlükəsizliyi üçün təhlükə törədirlərmi? Düşünürəm ki, belə bəyanatlar həm qondarma qurum daxilində hakimiyyət uğrunda savaşın göstəricisidir. Çünki hakimiyyət pul, imkanlar deməkdir. Açıqlamalar, mübarizə də bunun naminə edilir. Azərbaycan tərəfi də addım-addım bu imkanları, qurumları yoxa çıxaracaq. Buna əminəm. Sadəcə ağıllı siyasət aparmaq, tələsmək lazım deyil. Dərin kökləri olan siyasi, iqtisadi və hərbi məsələləri həll edirik. Məncə, Balasanyanın bəyanatlarına ciddi fikir verilməməlidir. Mən də Balasanyanın fikirlərinə rast gəldim və istehza edərək ürəyimdə “sən öləsən” dedim.

– Yəni qeyri ciddi açıqlamadır, heç bir əsası və təhlükəsi ola bilməz?

– Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin yeganə zəmanəti həmin insanların Azərbaycan Respublikasının qanunlarını və suverenliyini tanımaq və Azərbaycan qanunları kölgəsində hüquqları uğrunda mübarizə aparmaqdan keçir.

Digər tərəfdən, nə qədər ki, Ermənistan Azərbaycan dövlətini və onun ərazi bütövlüyünü tanımayıb Qarabağdakı ermənilər “5-ci kolon” sayılacaq və onların durumu daha pis olacaq. Onlara heç kim zəmanət verə bilməz ki, bizim ərazi bütövlüyümüzü, suverenliyimiz tanımayan dövlətin nümayəndələri kimi burada tam hüquqlu insanlar olacaq. Yox. Əslində Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımamaq mövqeyi ilə Dağlıq Qarabağdakı erməniləri zərbə altında qoyur.

– Niyə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımırlar və ya tanıyacaqlarmı?

– Ona görə tanımır ki, xəstə erməni cəmiyyətində hakimiyyət, əslində isə sərvət və mal-dövlət uğrunda mübarizə gedir. Köçəryan, Sərkisyan, korrupsioner siyasi klanlar ortaya çıxıb və s. Amma diqqət edin, ABŞ-ın sorğu şirkəti burada sorğu keçirir və bəlli olur ki, Köçəryanın iki, Sərksiyanın bir faiz nüfuzu var. Sarukyan da uzağı təkrar parlament seçkilərində səs alıb kiçik fraksiya kimi parlamentə düşə bilər. Paşinyan isə addım atmağa ehtiyat edir. Çünki taleyi və hökuməti tükdən asılı vəziyyətdədir. Amma zamanla Azərbaycanın suverenliyini tanımalıdırlar. Bir sözlə, Azərbaycan ordusunun hərbi əməliyyatları və siyasi gedişləri nəticəsində erməni radikalların kartları bitib.

O zaman erməni separatçıları, təcavüzkarları üzərimizə gəlirdi, amma Şuşanın icra başçısı olmaq uğrunda mübarizə gedirdi. Eləcə də digər işğal olunmuş ərazilərimizdə. Bəyəm ermənilərdə hakimiyyət davası yoxdur? Əlbəttə var! Hazırda “Artsax” dedikləri xırıldayır, son iniltilərini səsləndirir. Amma orada da hakimiyyət davası gedir. Balasanyan Araik Arutyunyanı kənarlaşdırıb özü olmaq istəyir. Özün olsan nə edəcəksən? Serj Sərksiyan deyir ki, məni hakimiyyətə qaytarsalar 44 saata “Artsax”ı qaytararam. Ay balam, 44 gün müharibə olub, Azərbaycan ordusunun qarşısından qaçmısınız. 44 saata buranı sehirli çubuqla qaytaracaqsan? Sözümün canı odur ki, bütün bunlar hakimiyyət uğrunda mübarizə çərçivəsində deyilən boş sözlərdir.

– Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məqsədilə təmasların olduğu bildirilib. Siz bu təmasları və kommunikasiyaların açılması ehtimallarını necə qiymətləndirirsiniz?

– Təmaslar var. Yanvarın 11-də Moskvada keçirilən görüşdən sonra qərar çıxdı ki, baş nazirlərin müavinləri səviyyəsində komissiya yaradılsın. Komissiya artıq görüşlər keçirib, qərarlar qəbul edib və bu istiqamətdə iş gedir. Sadəcə olaraq tələsməyə ehtiyac yoxdur. Bizimkilər dəmiryolunu çəkməyə başlayıblar. Dəmiryolunu çəkib Mincivana qədər aparaq və Ermənistan ərazisinə çatdıraq. Sözsüz ki, bu işdə Rusiya da, Türkiyə də maraqlıdır. Sadəcə Paşinyan indi o laxlayıb və vəziyyəti qeyri-sabit olduğundan erməni cəmiyyətinə açıq demir ki, dəmiryolu bizim ərazimizdən keçəcək. Ermənistan tərəfindən də dəmiryolunu ermənilər çəkəcək. Sonradan qatarlar buradan keçdikdə Ermənistana tranzit pulu çatacaq. Eləcə də ermənilər dəmiryolundan istifadə edərək Naxçıvan vasitəsilə İrana çıxa biləcəklər. Məncə, Paşinyan hakimiyyətdə qalsa da, qalmasa da Ermənistan bu addımlara gedəcək. Çünki Rusiya nə desə ermənilər də onu edəcək. Məncə, gələcəkdə ermənilər İrəvanda qatara minərək Azərbaycan ərazisini keçməklə Rusiyaya getmək imkanı da olacaq. İndi ermənilər borca-xərcə girərək təyyarə bileti alırlar ki, Rusiyaya getsinlər. Dəmiryolu biletləri isə təyyarə biletlərindən qat-qat ucuzdur. Azərbaycan olaraq biz də onların təhlükəsizliyinə zəmanət verəcəyik. Əslində bu normal prosesdir.

Məncə, bölgədə vəziyyət stabilləşdikdən, “böyük Ermənistan” kimi sərsəm xülyalar unudulduqdan sonra Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilər. Vaxtı gələndə iki ölkə müqavilə bağlayacaq, bir-birini tanıyacaq və s. Dünyada da yaxınlaşma, qloballaşma prosesi gedir. Bunun üçün onlar sərsəm xülyalardan əl çəkməlidir. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoyması əslində onlar üçün sabitləşdirici amil olacaq. Üstəlik vəziyyəti də yaxşılaşacaq.

– Ancaq Ermənistanda müharibə fikirləri də var…

– Bəli, var. Bu fikir siyasi möhtəkirlik məqsədilə ortaya atırlar. Digər tərəfdən, bir var istək, bir də var imkanlar. Azərbaycan olaraq bizim fəzaya öz kosmonavtımızı buraxmaq istəyimiz ola bilər, amma imkanımız – kosmik sənayemiz yoxdur. Xahiş edə bilərik ki, pul verək və bizim mütəxəssis fəzaya turist kimi gedib-gəlsin. Ermənistanın da 30 il ərzində qurduğunu Azərbaycan ordusu 44 günə dağıdıb. İndi peşəkar ordu qurmaq üçün onlara 10-15 il vaxt lazımdır. Hələ nə qədər pul lazım olduğunu demirəm. Amma sual olunur: nəyə görə onlara ordu lazımdır? Başqa işləri yoxdur? Ermənistanda həll etmək üçün problem yoxdur, gərək gəlib Azərbaycanın torpaqlarını tutasınız? Çünki artıq erməni cəmiyyəti düşünməyə başlayır ki, onların məfkurə qəlibləri yanlışdır. Qarşılarına qoyduqları “milli məqsədlər” yanlışdır, ziyanlıdır. İndi erməni cəmiyyəti bunu düşünməyə başlayıb. Əvvəl bu haqda yalnız Vanyan düşünür və danışırdı, indi onlarla erməni bu haqda danışır. Deyirlər ki, Azərbaycanla dost olmaq, ticarət etmək lazımdır. Başlayıblar özlərinin keçmiş milli dəyərlərini lağa qoymağa. Məncə, ermənilərdə oyanma prosesi yavaş-yavaş başlayıb. Faşist Almaniyasında ”böyük Reyx” ideyasını tənqid edənləri həbs edib düşərgələrə atırdılar. Amma 1945-ci il məğlubiyyətindən sonra xeyli alman dönüb oldu anti-faşist. İndi Ermənistanda da xeyli adam anti-faşist olmağa hazırdır.  /Teleqraf