Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın nümunəsidir.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.
Deputat bildirib ki, Azərbaycan-Pakistan əməkdaşlığında dost ölkələrin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur:
“Ölkələrimiz hər zaman bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda dövlət səfərində olması da bu faktı təsdiqləyir. Bundan başqa Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir”.
O xatırladıb ki, istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Pakistan Azərbaycana daim dəstəyini nümayiş etdirib:
“Vətən müharibəsinin başlandığı ilk gündən qardaş Türkiyə ilə yanaşı, Pakistanın da Azərbaycanın yanında olduğuna, siyasi və mənəvi dəstək göstərdiyinə bütün dünya şahidlik etdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanın, Türkiyənin və Pakistanın bayraqları hər yerdə birgə dalğalanırdı”.
S.Salmanova əlavə edib ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən Cəmmu və Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir:
“Ölkəmizin Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır”.
İşçi qrupun üzvü nəzərə çatdırıb ki, Azərbaycan-Pakistan münasibətlərinin bugünkü inkişafında qarşılıqlı səfərlər və imzalanan sənədlər əhəmiyyətli rol oynayır:
“Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Ümumilikdə hesab edirəm ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər də böyük əhəmiyyətə malikdir və qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə böyük töhfələr verəcək”.