Azərbaycan Türkiyə ilə birgə Qarabağda anti-terror əməliyyatı keçirə bilərbackend

Azərbaycan Türkiyə ilə birgə Qarabağda anti-terror əməliyyatı keçirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Budəfəki həmsöhbətimizlə Azərbaycan Ordusunun qələbədən sonrakı ilk təlimlərindən, rəsmi Bakının Xankəndi və ermənilər yaşayan ərazilərdə terrorçu və ekstremistlərə qarşı anti-terror əməliyyatlarından danışmışıq.

NOCOMMENT.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Publika.az-a müsahibəsində rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinin gələcək taleyi barədə bir sıra məqamlar haqqında fikirlərini bölüşüb.

– Elxan bəy, necə düşünürsünüz, hazırda Qarabağdakı hədəflərimizin neçə faizinə çata bilmişik?

– Biz 44 günlük müharibədə qələbə çalmışıq. 6 ay, 1 il əvvəl biz Şuşanı və işğal altına düşmüş ərazilərimizin çox böyük hissəsini azad edəcəyimizi ağlımıza belə gətirə bilməzdik. Bu mənada Qarabağ məsələsilə bağlı problemlərin 80-85 faizini həll etmişik. Hədəfimizə çatmışıq, amma başqa hədəflərimiz də qalır.

– Xankəndi ilə bağlı hədəflərimiz nələrdir? Ümumiyyətlə, əlisilahlı separatçıların növbəti dəfə təxribatlara əl atması mümkündürmü?

– İndi qalır Xankəndi və digər ermənilər yaşayan ərazilərdəki əhalinin bizim qanunlarımızı qəbul edib-etməyəcəyi. Onlar bizim pasportlarımızı daşımalıdır. Laçın dəhlizinə bizim sərhədçilər nəzarət etməlidir. Bu, 10 noyabr sazişinə də zidd deyil. Rusiyanın da postları qalacaq. Şuşanın bəzi kəndləri qalıb, onlar da geri qaytarılmalıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, biz Xocalıya qayıtmalıyıq. Biz düşmən dövlətə elə bir zərbə vurmuşuq ki, onun bizimlə müharibə etməyə halı yoxdur. Ermənistan gənclərinin 6-7 minini itirib. Bu 2 milyonluq işğalçı ölkə üçün böyük faciədir. Eyni zamanda hərbi texnikasının 80-90 faizini də müharibədə itirdi. Buna baxmayaraq, müəyyən təxribatlara da əl ata bilərlər.

– Ordumuz 15 martda qələbədən sonra ilk hərbi təlimlərə başladı. Bu təlimlərin pərdəarxası ismarışları varmı və kimədir? Təlimlər anti-terror əməliyyatlarına çevrilə bilərmi?

– 10 noyabr bəyanatından sonra biz 2 anti-terror əməliyyatı həyata keçirmişik. Bunlar Hadrut və Xocavənd istiqamətində olub. Bu baxımdan gələcəkdə də ermənilər tərəfindən təxribatların olması mümkündür. Keçmiş prezident Robert Koçaryan da revanşist əhval-ruhiyyəli fikirlər söylədi. Doğrudur, mümkün deyil ki, bizə qarşı müharibə elan etsinlər. Amma Robert Koçaryan kimi adamlar Ermənistanda gələcəkdə də olacaq. Ona görə də müharibədə qələbə çalmağımıza rəğmən, ordumuz daima güclü olmalıdır. Müharibədən əvvəl biz çoxsaylı hərbi təlimlər keçirirdik. Düşünürəm ki, müharibədən sonra da bu kimi hərbi təlimləri davam etdirməliyik. Bu hərbi təlimləri Türkiyə ilə birgə də keçiririk və keçirəcəyik. Qarsda da bizim birgə hərbi təlimlərimiz oldu. Bu, həm də bizim düşmənə və onun arxasındakı güclərə ciddi mesajımızdır. Yəni biz müharibədə qələbə çaldıq, buna baxmayaraq, ordumuz həmişə güclü olacaq. Hərbi texnikamızı durmadan yeniləyib inkişaf etdirəcəyik. Eləcə də Türkiyə ilə hərbi ittifaqımız bundan sonra da davam edəcək. Dövlət başçısı İlham Əliyev də vurğuladı ki, Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik bir modeli olacaq. Həm də burada başqa bir məqam var.

– Hansı məqamı nəzərdə tutursunuz?

– Bizdə hərbi təlimlər haqqında xəbər yayıldıqdan sonra Ermənistandan da bir açıqlama gəldi ki, onlar da hansısa hərbi təlimlərə başlayırlar. Bu, çox yaxşıdır.

– Yaxşıdır?

– Əlbəttə yaxşıdır. Biz elə etməliyik ki, onlar da durmadan hərbi təlimlər keçirsinlər. Bu təlimlərə xeyli pul xərcləsinlər. Onsuz da bunların vəziyyətləri ağırdır. Hərbi texnika sarıdan da durumları acınacaqlıdır. Amma Azərbaycanla da ayaqlaşmağa məcburdurlar. Artıq İrəvandan da son xəbərlər gəlməkdədir ki, onlar bundan sonra hərbi büdcəyə çox pul ayırmaq istəmirlər. Çünki pulları yoxdur. Hazırda Ermənistanda bununla bağlı ciddi müzakirələr gedir. Deyirlər ki, onsuz da məğlub olmuşuq, bundan sonra güclü ordunu neynəyirik. Bizim hərbi təlimlər həm də ona görə lazımdır. Yəni onları bizimlə ayaqlaşmağa məcbur etməliyik. Bu işə çoxlu pul xərcləmələrinə vadar etməliyik. Təkrar edirəm ki, bizim ordumuz müharibədə öz sözünü dedi. Buna rəğmən, biz ordumuzu daha da gücləndirməliyik. Bizim ordumuzda NATO və Türkiyə standartları tətbiq olunmalıdır. Yenidən hərbi texnikalar alınmalıdır. Müasir dünyada bu, çox vacib məsələdir. Ona görə də bu hərbi təlimləri mən bəhs etdiyim siyasətin tərkib hissəsi kimi qiymətləndirirəm.

– Azərbaycan Ordusu rusiyalı sülhməramlılarla birgə Qarabağdakı terrorçu, ekstremist, tabesizlik nümayiş etdirən silahlı qruplara qarşı əməliyyatlar həyata keçirə bilərmi?

– Bilirsiniz, Qarabağdakı rusiyalı hərbçilərlə bağlı bizim çoxsaylı suallarımız var. Bu barədə dövlət başçısı İlham Əliyev də sonuncu geniş mətbuat konfransında narazılığını müəyyən formada bildirdi. Yəni rusiyalı sülhməramlılar Qarabağda özlərinə aid olmayan işlərlə məşğuldurlar. Tikinti aparırlar. Eyni zamanda, Laçın dəhlizindən kim gəldi buraxırlar. Mən inanmıram ki, onlar əlisilahlı terrorçuları, separatçıları tərk-silah etsinlər. Düşünürəm ki, bu işi Azərbaycan Ordusu ya təkbaşına, ya da gələcəkdə Türkiyə ilə birgə görməlidir. Türkiyə və Rusiya hərbçilərinin birgə iştirakı ilə Monitorinq Mərkəzi qurulub. Bu mərkəzin əsas fəaliyyəti dronlarla havadan müşahidə aparmaqdır. Atəşkəsə riayət məsələlərini nəzarətdə saxlayacaqlar. Tutaq ki, meşədə 5-10 terrorçu aşkarlandı, bu barədə Monitorinq Mərkəzinə də məlumat ötürüldü. Bəs onları kim tərk-silah edəcək?! Əgər Rusiya bunu etməyəcəksə, o zaman bu işi ya biz, ya da Türkiyə ilə birgə həyata keçirməliyik. 10 noyabrdan sonra Xocavənd və Hadrut ətrafında əməliyyatlar keçirmişiksə, indi də bunu etməliyik. Əvvəlcə bu barədə Rusiyanı məlumatlandırmalıyıq. Deməliyik ki, belə bir hal var – əlisilahlı terrorçular ortalıqda gəzişirlər. Əgər bunun qarşısını rusiyalı sülhməramlılar almayacaqlarsa, biz sərt şəkildə hərəkətə keçməliyik. Çünki rusiyalı hərbçilərin erməni terrorçularının qarşısını alacaqlarına da inanmıram, çünki onların son üç-dörd aydakı fəaliyyətləri göz qabağındadır. Belə olan halda biz həmin anti-terror əməliyyatlarını Türkiyə ilə birgə keçirmək məcburiyyətindəyik.

– Yadınızdadırsa, müharibənin gedişində ermənilərə kömək üçün PKK terrorçularının Qarabağa gəldiyi haqqında məlumatlar yayıldı. Amma onların buradan gedişi haqqında heç nə deyilmədi. Ola bilərmi ki, onlar buradan getməsinlər?

– Təbii ki, belə bir ehtimal istisna deyil. Onsuz da Ermənistanın PKK ilə uzun illərdir ki, əməkdaşlığı var. Bu əməkdaşlıq müharibə günlərində də davam etdi. Bundan sonrakı dövrdə də həmin əməkdaşlıq davam edə bilər. PKK terrorçu təşkilatdır. Türkiyə uzun illərdir ki, bu təşkilatla mübarizə aparır. PKK terrorçuları yenə də Qarabağda peyda ola bilər. Biz bunu da bilməliyik. Bu da bizə imkan yaradır ki, gələcəkdə Qarabağda anti-terror əməliyyatlarını məhz Türkiyə ilə birgə həyata keçirək. Müharibə günlərində də PKK mənsublarının ermənilər tərəfindən Qarabağa gətirilməsi ilə bağlı informasiyalar kifayət qədər çox idi. Ola bilsin ki, Qarabağda indi də PKK terrorçuları var və meşələrdə gizlənirlər. Hətta Azərbaycana qarşı təxribatlar həyata keçirmək haqqında da düşünə bilərlər. Çünki biz torpaqlarımızı geri qaytarmışıq və ermənilərlə aramızdakı məsafə çox deyil. Əgər 1990-cı illərdə olduğu kimi, bizə qarşı təxribat yaratmaq istəsələr, biz onların cavabını sərt şəkildə verməliyik. O dövrdəki hadisələrdən dərs çıxarmalıyıq. Biz həmin terrorçuların fəaliyyətinə imkan verə bilmərik. Əgər Qarabağda PKK terrorçularının olması ilə bağlı məlumatımız olarsa, biz mütləq şəkildə Türkiyə ilə birgə anti-terror əməliyyatı keçirməliyik ki, onları tərk-silah edək və zərərsizləşdirək.