Azərbaycan və Rusiya Prezidentlərinin görüşü: “Təyyarə böhranı”nın həllində mühüm addım – ŞƏRHbackend

Azərbaycan və Rusiya Prezidentlərinin görüşü: “Təyyarə böhranı”nın həllində mühüm addım – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan paytaxtı Düşənbədə keçiriləcək MDB ölkələri liderlərinin sammiti ərəfəsində Azərbaycan və Rusiya Prezidentləri – İlham Əliyev və Vladimir Putinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında müəyyən məsələlər ətrafında yaranmış problemlər müzakirə olunub. Aparılmış müzakirələr ikitərəfli münasibətlərin tam normal məcraya yönəldiyini göstərib. Sözsüz ki, prezidentlərin görüşündə ilk məsələ AZAl-a məxsus təyyarənin ötən ilin dekabr ayında qəzaya uğraması idi və Rusiya Prezidenti də danışıqlara məhz bu məsələdən başladı.”Görüşümüzə daha həssas mövzu – bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.

V.Putin bəyan edib ki, “artıq istintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır. Birincisi, ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatını eyni vaxtda izləyirdik. İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, – əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, – raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar “qara qutular”da qeyd olunub”.

 

 

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Rusiya lideri vurğulayıb ki, Rusiya bütün öhdəliklərini yerinə yetirəcək: “Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”.

V.Putinin görüş zamanı etiraf etdiyi ən mühüm, ən diqqətçəkən məqam isə hesab edirik ki, aşağıdakı fikirlərdir: “Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil. Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq. Amma ümumilikdə, mən Sizə əsasən elə bu görüşümüz ərəfəsində – dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım”.

Rusiya lideri iki ölkənin maraqlarının bir çox sahələrdə üst-üstə düşməsi və çox yaxın olmasını göstərib: “Əlbəttə, hər şeydən əvvəl bu, iqtisadi-ticari əlaqələrə aiddir. Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir”. Əlavə edib ki, humanitar əlaqələr də həmişə yüksək səviyyədə olub.

Azərbaycan prezidenti İlham Əliyev də eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığına görə Rusiya liderinə təşəkkür edib: “Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim”.

 

Beləliklə, Rusiya Prezidentinin bu sözləri təyyarə insidenti ilə bağlı məsələlərin həll olunduğunu deməyə əsas verir. AZAL-a məxsus təyyarənin qəzaya uğradılmasından sonra Azərbaycan üzr istənilməsi, məsuliyyətin üzərinə götürülməsi, kompensasiyaların ödənilməsi və günahkarların cəzalandırılmasını tələb edirdi. Və bu gün də Rusiya Prezidenti bütün bu məsələlərə aydınlıq gətirib.

Zaman-zaman iki ölkə arasında münasibətləri pozmağa və xələl gətirməyə çalışan qüvvələr olub və olacaq da. Lakin iki ölkə liderinin səmiçi danışıqları onu deməyə əsas verir ki, həmin qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Rusiya Prezidentin açıqlamaları, etirafları, ölkələrimizin mehriban qonşuluq şəraitində yaşamaq istəməsindən xəbər verir.

Yekun olaraq isə qeyd edək ki, Azərbaycan hər zaman bütün qonşularla, o cümlədən Rusiya ilə mehriban qonşuluq münasibətlərinin qorunub saxlanması kursuna sadiq olub. Bu ölkəmizin xarici siyasətinin prioritetini təşkil edib. Və Rusiya Prezidentinin bu gün verdiyi açıqlamalar, üzrxahlıq, ikitərəfli əlaqələri inkişaf etdirmək bəyanatlar da onu deməyə əsas verir ki, qarşı tərəf Azərbaycanın haqlı mövqeyini qəbul edir. Ən əsası gələcəkdə də bu kimi halların baş verməməsi üçün də əlindən gələni edəcək.