Azərbaycan yenidən Qərbin hədəfində: “Məqsədə çatmaq üçün ermənilərdən alət kimi istifadə edirlər”backend

Azərbaycan yenidən Qərbin hədəfində: “Məqsədə çatmaq üçün ermənilərdən alət kimi istifadə edirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsinin nəticələri qlobal güclərin siyasi laylarını tərpətdi və başda Amerika Birləşmiş Ştatları olmaqla Qərbin Cənubi Qafqazda planları altı-üst oldu. Bu baxımdan, Qərb toparlanaraq Azərbaycana qarşı yenidən əks-hücuma keçmək istəyir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Qərb dairələri məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul sayırlar:

“Bu baxımdan, onların Azərbaycana qarşı qərəzli bəyanat və davranışları təəccüblü deyil. Biz Qərbdən bu günə qədər hansı ədalətli addım görmüşük ki, bundan sonra da görək? Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda BMT-nin dörd qətnaməsi var idi ki, həmin sənədlərə görə, erməni silahlıları Azərbaycan ərazilərini tərk etməli idilər. Bunun üçün ATƏT-in Minsk qrupu da yaradılmışdı. Lakin nəinki BMT, ATƏT və ümumilikdə Avropanın bütün institutları erməni işğalına göz yumdular, əksinə, bu işğala bəraət qazandırdılar. Yəni Qərbdən hansısa ədalətli davranış gözləməyimiz sadəlövhlük olardı”.

“Ümumiyyətlə, Qərbin siyasi mövqeyi bəşəriyyət üçün təhlükədir. Çünki bu mövqe insanlıq əleyhinə fəaliyyət göstərir. Birinci və İkinci Dünya müharibələrində, faktiki olaraq hazırda Avropanın şərqində gedən “üçüncü dünya müharibəsi”ndə, Ukraynada milyonlarla insan öldürülüb. Bunların səbəbkarı Qərbdir. Çünki digər münaqişələr kimi, Rusiya-Ukrayna müharibəsi də Qərb tərəfindən qızışdırılır. Yəni bəşəriyyət məhz Qərbin apardığı siyasətdən əziyyət çəkir. Bu baxımdan, Qərbin Azərbaycana qarşı apardığı siyasət də heç bir hüquqi normaya uyğun deyil”, – analitik vurğulayıb.

Müsahibimizin qənaətinə görə, Qərbin Azərbaycana qarşı qərəzli davranışının artmasının əsas səbəblərindən biri də ölkəmizin COP29-a ev sahibliyi etməsi ilə bağlıdır:

“COP29 beynəlxalq tədbirdir. Azərbaycan bu tədbiri yüksək səviyyədə həyata keçirməklə bəşəriyyətə töhfə vermək istəyir. Eyni zamanda, bu tədbirin yüksək səviyyədə keçirilməsi Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə artmasına səbəb olacaq. Təbii ki, bu da Qərbin maraqlarına uyğun deyil. Qərbin istəyi odur ki, Cənubi Qafqaz tamamilə Birləşmiş Ştatların əlində alət olsun və öz məqsədlərinə çatmaq üçün bu ölkələrdən istifadə edilsin. Biz böyük güclərin əlində alətə çevrilməyin ağır nəticələrini Ukraynada, Gürcüstanda və digər bölgələrdə görmüşük. Ona görə də Azərbaycan öz yolu ilə gedir və balanslaşdırıcı siyasət həyata keçirməklə, qonşularla dinc yanaşı yaşama prinsipinə əməl etməklə öz siyasi maraqlarını həm Şərqlə, həm Qərblə, həm Şimalla, həm də Cənubla balanslaşdırır.

Bununla yanaşı, Azərbaycan regional gücdən qlobal gücə çevrilmək üçün Türk Dövlətləri Təşkilatı fonunda Turan İttifaqının yaranmasına doğru addımlar atır. Son olaraq ortaq türk əlifbasının yaranması da bunun əyani sübutudur. Yəni biz “Bir millət, bir ittifaq” çətiri altında birləşməsək, Qərbdən gələn təzyiqlərə müqavimət göstərməyimiz bir az çətin olacaq. Çünki Qərb daha çox, aqressiv siyasət yürüdür və onun davranışları nə beynəlxalq hüquq normalarına, nə də insan hüquqlarına uyğundur. Onlar ancaq güc dilində danışmaq istəyirlər. Ona görə də biz siyasi güc əldə etməliyik və bu gücün əldə edilməsi üçün də Türkiyə və Azərbaycanın lokomotiv rolunu oynadığı Turan İttifaqı yaranmalıdır”.

“Qərb ancaq “parçala, hökmranlıq et” fəlsəfəsini həyata keçirir. Bu məqsədə çatmaq üçün də ermənilərdən alət kimi istifadə edirlər ki, Cənubi Qafqazda xaos yaransın və bu fonda öz siyasətlərini həyata keçirsinlər. Hesab edirəm ki, bu kimi davranışlar Qərbə uğur gətirməyəcək. Birləşmiş Ştatlar başda olmaqla, Qərbin bu vəhşi siyasəti beynəlxalq aləm tərəfindən də pislənməkdədir. Azərbaycan isə öz strategiyasına sadiqdir və bu baxımdan Qərbin müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıqda maraqlıdır. Buna nümunə olaraq Avropanın 10 dövlətinin enerji təhlükəsizliyini Azərbaycanın öz üzərinə götürməsini və bu sahədə işlərini uğurla həyata keçirməsini göstərə bilərik. Bu yaxınlarda Prezident İlham Əliyevin İtaliyada Beynəlxalq Çernobbio Forumunda iştirakı və ölkəmizin mövqeyini bir daha bəyan etməsi də onu göstərir ki, Azərbaycan öz ədalətli yolundan geri çəkilməyəcək”, – Məsiyev fikrini yekunlaşdırıb.

Siyasi şərhçi Tural İsmayılov isə Oxu.Az-a açıqlamasında Qərbin neoimperialist dairələrinin təhlükəli planlara imza atdığını deyib:

“Özlərinin rəngli inqilab ssenarilərini daim müxtəlif coğrafiyalarda reallaşdırmağa çalışan Qərb imperialistləri indi də Azərbaycanın daxili işlərinə qarışmağa çalışırlar. Azərbaycanın bu cür ssenarilərə qarşı güclü müqaviməti nəticəsində bu agent şəbəkələrinin fəaliyyətinin sarsıdılması Qərb dairələrini ölkəmiz əleyhinə yeni koalisiyalar və şəbəkələr formalaşdırmaq üçün növbəti dəfə hərəkətə keçirib”.

“Açıq şəkildə görürük ki, Qərbin regionla bağlı mövqelərində ciddi narazılıq mövcuddur. Əvvəlcə USAID-in Ermənistana ayırdığı maliyyə yardımının miqdarını iki dəfə artırması, Azərbaycanla bağlı ortaya qoyulan qeyri-dəqiq mövqe, bütün bu hadisələrin fonunda AŞPA və onun deputatı Frank Şvabenin timsalında saxtakar diplomatların ölkəmizə qarşı dezinformasiya kampaniyaları aparmaları, eyni zamanda, İsveç, Estoniya və Latviya səfirlərinin Azərbaycanda konkret cinayət əməllərinə görə istintaqa cəlb edilən şəxslərin ailə üzvlərini qəbul etməsi açıq-aşkar ölkəmizin daxili işlərinə müdaxilədir və bu, çox ciddi problemdir”, – deyə şərhçi vurğulayıb.

Müsahibimiz Baltikyanı ölkələrdə rus, slavyan icmalarının qərəzli şəkildə hüquqlarının pozulduğunu, eləcə də İsveçdə Quranı yandıran şəxsin hökumət tərəfindən gizlədilməsi ilə islamofob fəaliyyətə rəvac verildiyini də diqqətə çatdırıb:

“Bütün bunlar onu göstərir ki, Qərbin və onun siyasi strukturlarının daxilində çox ciddi çatlar mövcuddur. Lakin Qərbin bu dözümsüzlük və qəbuledilməz ksenofobiya siyasətinə baxmayaraq, Azərbaycan multikulturalizmin, dinlərarası dialoqun, humanizmin ən gözəl tətbiq edildiyi ölkələrdəndir və bu, bütün dünyaya nümunədir. Ona görə də öz daxilində ayrı-seçkiliyin yüksək həddə çatdığı ölkələrin bu gün Azərbaycanın daxili işlərinə qarışması və ittiham xarakterli bəyanatlar verməsi Qərb imperializminin ikili standartlar siyasətinin növbəti təzahürlərindən biridir”.