Azərbaycana 2-3 milyard ABŞ dolları dəyərində investisiya portfeli təqdim ediləcəkbackend

Azərbaycana 2-3 milyard ABŞ dolları dəyərində investisiya portfeli təqdim ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Azərbaycana təqdim etmək üçün 2-3 milyard ABŞ dolları dəyərində investisiya portfeli hazırlayıb.

NOCOMMENT.az Report-a istinadən  xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.

“Pakistan Azərbaycanla əlaqələrinə böyük əhəmiyyət verir. Turizm, nəqliyyat, enerji təhlükəsizliyi və müdafiə sahələri daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığımızın inkişafını davam etdirməliyik. Doğrudur, bunun üçün əlavə səylərə ehtiyac var”, – Pakistanın ticarət naziri Cam Kamal Xan İslamabadda Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.

O, həmçinin Preferensial Ticarət Sazişi (PTA) və İkitərəfli Tranzit Ticarət Sazişinin (BTTA) tez bir zamanda imzalanmasının zəruriliyini vurğulayıb.

Pakistanlı nazir B2B formatında görüşlərin keçirilməsini təklif edib:

“Bu görüşlər istər Pakistanda, istərsə də Azərbaycanda baş tuta bilər. Pakistanla Azərbaycan ikitərəfli ticarət və əməkdaşlığın monitorinqini təkmilləşdirmək üçün uzunmüddətli və praktiki mexanizmin yaradılmasının zəruriliyi barədə razılığa gəliblər”.

Ticarət naziri Azərbaycan şirkətlərini Pakistana sərmayə qoymağa dəvət edərək, ölkənin iqtisadi cəhətdən səmərəli əmək bazarını mühüm üstünlük kimi göstərib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı və Çinin Pakistana investisiyaları azərbaycanlı investorları Pakistanda mövcud imkanlardan yararlanmağa sövq edir.

S.Şərifov öz növbəsində Azərbaycanın Pakistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib.

O, iki ölkə arasında gediş-gəliş prosedurlarının sadələşdirildiyini xatırladaraq, Azərbaycanın əlverişli viza siyasəti sayəsində ötən il 55 min pakistanlı turisti qəbul etdiyini diqqətə çatdırıb.

Nazir müavini Azərbaycandan Pakistana birbaşa aviareyslərin açılmasının nəqliyyat əlaqələrinin yaxşılaşmasına töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, bu ay ölkələr arasında bir sıra sazişlərin imzalanması gözlənilir. Mənbələrin məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif bütün prosessual rəsmiyyətlərin və həll edilməmiş məsələlərin ən qısa zamanda həll edilməsi barədə göstəriş verib.