Azərbaycana qarşı “üç bacı əməliyyatı” keçirilir”backend

Azərbaycana qarşı “üç bacı əməliyyatı” keçirilir” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində, Azərbaycan üçün bütün formatlar qəbuledilən və sərfəlidir. Ancaq yeganə məsələ var ki, Azərbaycan həmin formatların heç birində Fransa prezidenti Emmanuel Makronu və yaxud Fransa rəsmi dairələrini qəbuledilməz hesab edir”. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Elçin Xalidbəyli deyib.

Politoloq Azərbaycanın dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan tərəflərin üçtərəfli görüşündən imtina etməsi məsələsinə toxunub.

“Bunu bütün (Vaşinqton, Brüssel və Moskva – red.) formatlardan imtina kimi qiymətlənmək olarmı” sualına cavab verən müsahibimiz söyləyib ki, bizim üçün hər 3 format məqbuldur:

“Burada da rəsmi Bakının mövqeyi tamamilə haqlıdır. Çünki birmənalı şəkildə Ermənistanı dəstəkləyən bir dövlətin sülh danışıqlarında iştirak etməsi absurddur. Çünki belə bir dövlət sülh danışıqlarında tərəfsiz mövqe tuta bilməz. Ona görə də rəsmi Bakı bütün vasitələrlə, eyni zamanda tam açıq bəyanatlarla Fransanın Cənubi Qafqazdakı sülh danışıqlarında iştirakını qəbul etmir və bunun baş verməyəcəyini də açıq şəkildə bildirir.

Bu baxımdan, Azərbaycan üçün Brüssel formatı qətiyyən problemli deyil. Rusiyanın vasitəçiliyi ilə də Azərbaycan danışıqlara etiraz etmir. Vaşinqtonun vasitəçiliyi də Azərbaycanın maraqlarına qarşı deyil. Yeganə problem ondan ibarətdir ki, Fransa bu formatların heç birində hər hansı bir formada iştirak etməsin”.

Analitikə görə, Ermənistanın hazırda əsas bəhanəsi budur ki, əgər Praqada keçirilən görüş Makronun iştirakı ilə baş tutubsa, bundan sonra da sülh danışıqlarında keçirilməsi planlaşdırılan görüşləri Fransa prezidentinin iştirakı ilə keçirmək lazımdır:

“Ancaq bu, absurddur, çünki bir neçə görüş ardıcıl şəkildə yalnız Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilib. Praqada keçirilən görüş isə Avropa Birliyinin tədbiri çərçivəsində baş verib və həmin tədbirdə 4-cü şəxs kimi Makron özünü qeyri-etik formada görüşə daxil edib. Orada da verilən məlumatlar bundan ibarətdir ki, Makron Ermənistanın maraqlarına cavab verən bütün bəndlərin oraya salınması üçün əlindən gələni edib, ancaq Azərbaycan Prezidenti bu cəhdlərin qarşısını alıb. Ümumi şəkildə isə Avropada belə hesab edirlər ki, Fransa Praqa görüşündə diplomatik məğlubiyyətə uğrayıb və Fransa prezidenti də bu məğlubiyyəti heç cür qəbul edə bilmir və Cənubi Qafqaza daxil olmaq üçün Ermənistan üzərindən bu cür cəhdlər göstərir”.

“Hazırda ümumi götürsək, demək olar ki, Azərbaycana qarşı “üç bacı əməliyyatı” keçirilməkdədir. Bu “bacı”lardan indiyə kimi ikisi məlum idi – Fransa və Ermənistan. İndi isə onlara üçüncü “bacı” – Rusiya da qoşulub. Hazırda Azərbaycan öz ərazi bütövlüyü və beynəlxalq hüquqlarla tanınmış ərazilərinin təsbit olunması məsələsi də daxil olmaqla sülh sazişinin imzalanması prosesində “üç bacı”ya qarşı mübarizə aparmaq məcburiyyətində qalıb”, – deyə fikirlərini tamamlayıb.