Təxminən 70 gün əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, Cəlilabadda kollecdə təhsil alırmış. K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.