Azərbaycanda anadangəlmə fiziki qüsuru olan 22 yaşlı gəncin hərbi xidmətə yararlı hesab edilərək xidmətə göndərilməsi ilə bağlı ciddi iddialar səsləndirilib.
NOCOMMENT.az xəbər verir ki, Şəmkir rayon sakini Şükran Abbasov müraciətində bildirib ki, 2004-cü il təvəllüdlü oğlu Rəvan Abbasov sol ayağında 4 barmağın olmamasına baxmayaraq, həqiqi hərbi xidmətə yararlı kimi qiymətləndirilib.
Atanın sözlərinə görə, oğlu 18 yaşı tamam olarkən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinədən keçirilib və həmin vaxt hərbi xidmətə yararsız hesab edilib. Lakin 22 yaşında ona yenidən çağırış vərəqəsi təqdim olunub:
“Oğlumun sol ayağında anadangəlmə olaraq 4 barmaq yoxdur. 18 yaşına qədər əlilliyə görə pensiya alırdı, lakin sonradan bu ödəniş dayandırıldı. Əlillik dərəcəsinin müəyyən edilməsi üçün müraciət etdik, amma Bakıdan imtina cavabı aldıq”.
Şükran Abbasov bildirib ki, ikinci çağırış zamanı Rəvan Respublika Əlillərin Bərpa Mərkəzində müayinədən keçirilib. Onun iddiasına görə, müayinə zamanı həkim gəncin ayağındakı qüsuru nəzərə almadan hərbi xidmətə yararlı olduğu barədə rəy verib:
“Oğlum etiraz etsə də, buna məhəl qoyulmadı. Ötən il 17 oktyabr tarixində onu hərbi xidmətə apardılar. Üç ay Gəncədə xidmət etdikdən sonra Kəlbəcərə göndərildi. Orada hərbi hospitalda müayinə zamanı ayağındakı qüsura görə yararsız olduğu bildirildi və geri qaytarıldı”.
Ş. Abbasov deyib ki, daha sonra Rəvan yenidən Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilib. Müayinələr zamanı yalnız sol ayağındakı barmaq çatışmazlığı deyil, eyni zamanda sağ ayağında diz qapağının altında yırtıq olduğu da aşkarlanıb.
“Hospitalda əvvəlcə ona bildiriblər ki, tərxisə hazırlaşsın. Lakin qısa müddət sonra həkim Eldəniz bəy qərarın dəyişdiyini deyərək onun yenidən hərbi xidmətə yararlı hesab edildiyini bildirib. Bu rəy əsasında oğlumu təkrar Kəlbəcərə qaytardılar.
Əgər yararlı idisə, niyə 18 yaşında xidmətə aparılmadı və məhz 22 yaşında çağırıldı? Oğlum yeriyərkən, xüsusilə hərbi çəkmə geyindikdə ciddi çətinlik çəkir. Botinkaların ayağını əzməməsi üçün ayaqqabının ön hissəsinə pambıq yerləşdirməyə məcbur qalır. Belə vəziyyətdə olan şəxsin hərbi xidmətə göndərilməsi nə dərəcədə doğrudur?” – deyə Ş. Abbasov sual edir.
O əlavə edib ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi müraciət ünvanlasa da, ona apellyasiya şikayəti üçün məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov açıqlamasında bildirib ki, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü Abbasov Rəvan Şükran oğlunun 29.08.2025-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəsi aparılıb:
“Müayinə zamanı vətəndaşda funksiya pozulması olmayan sol ayağın II-IV barmaqlarının aplaziyası diaqnozu müəyyən edilib ki, bu da qanunvericiliyə uyğun olaraq hərbi xidmətə möhlət (və ya yararsızlıq) hüququ yaratmır.
Qeyd edək ki, müvafiq qanunvericiliyə uyğun olaraq yalnız ayağın bir hissəsinin hər hansı səviyyədə və ya bütün barmaqlarının olmaması (5 barmağın hamısı) hərbi xidmətə yararsız hesab edilir.
Rəvan Abbasovun əlillik məsələsinə gəlincə isə, vətəndaşın son 4 il ərzində əlilliyin qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb.
Şəxslə bağlı qeydiyyatda olduğu tibb müəəsisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdirildiyi halda qanunvericiliyə uyğun olaraq əlilliyinin qiymətləndirilməsi aparıla bilər”.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən saytımıza bildirilib ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır:
“Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər”.
musavat.com


















