“Yanacaq qiymətlərinin bahalaşması sözsüz ki, avtomobil bazarına müəyyən təsir edəcək. Sırf alıcılıq kontekstindən yanaşsaq, hazırda Tarif Şurasının artırdığı yanacaq qiymətləri alıcılıq qabiliyyətinin bir o qədər aşağı düşməsinə səbəb olacaq qədər deyil”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli deyib. O bildirib ki, yanacaq qiymətlərinin artması yükdaşıma xərclərinin bahalaşmasına gətirib çıxaracaq:
“Benzinin 5, dizel yanacağının isə 10 qəpik artması ümumi qiymətin fonunda həmin nəqliyyat vasitələrindən istifadə edənlər üçün əlçatan olacaq. Amma ümumilikdə avtomobil bazarında elektromobil və hibridlərə tələbat artacaq. Demək olar ki, Azərbaycana daşınan ikinci əl maşınların əksəriyyəti yükdaşıyan avtovozlar tərəfindən həyata keçirilir. Həmin avtovozlar bilavasitə dizel mühərrikli avtovozlardır. Sözsüz ki, onlar Gürcüstan sərhədindən böyük bir məsafə qət edəcəklər. Müəyyən mənada yanacaq qiymətlərinin artması yükdaşımalarda təsirlər yaradacaq. Yanvar ayının 1-dən hibrid və elektromobillərin gömrük rüsumları da artırıldı. Bu isə həmin seqmentə aid olan nəqliyyat vasitələrinin də qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq”
Ekspert həmçinin vurğulayıb ki, buraxılış ili yeni olan avtomobillərin qiymətlərində də ciddi artım gözlənilir:
“Yeni maşınların qiymətində təxminən 4-5 min manata qədər artım gözlənilir. Bu da bazarda müəyyən balans yaradacaq. Dizel və benzinin cüzi bahalaşması fonunda, elektromobillərin və hibrid maşınların kəskin bahalaşması müəyyən balans yaradacaq. Alıcı seçim edərkən, daha çox bahalaşmış elektromobil yoxsa yanacaq qiyməti cüzi artdığına görə dizel mühərrikli maşın seçməyə çalışacaq. Ümumilikdə isə avtomobil bazarında durğunluq var və davam edir. Bu isə əhalinin sosial imkanlarının durmadan azalması ilə bağlıdır”.
Xatırladaq ki, yanvarın 1-dən etibarən, ölkədə Aİ 92 markalı benzinin və dizel yanacağının qiyməti yanvarın 1-dən etibarən artıb. Tarif Şurasının qərarına əsasən, sözügedən tarixdən etibarən, Aİ-92 benzininin qiyməti 5 qəpik, dizel yanacağı isə 10 qəpik bahalaşıb.













