Azərbaycanda bağ mövsümü başlayır – Qiymətlər münasibdirmi?backend

Azərbaycanda bağ mövsümü başlayır – Qiymətlər münasibdirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bağ mövsümünün başlamasına sayılı günlər qalıb.

Bir azdan havaların istiləşməsi insanları şəhər kənarına üz tutmağa, vaxtlarını bağ evlərində keçirməyə sövq edəcək.

Söz yox ki, Bakıda yaşayanların az qisminin – imkanlı təqəbəsinin Abşeronda, dəniz kənarında və yaxud dənizə yaxın ərazilərdə həyət evi var. Bu cür əmlaka sahib olmayanlar isə bir qayda olaraq bağ evlərinin kirayəsi bazarına üz tutur, münasib qiymətə 1 ay da olsa bağda yaşamağa çalışırlar. Bəs kirayə bazarında qiymətlər münasibdirmi? “Report” bu suala cavab tapmaq üçün daşınmaz əmlak bazarı üzrə ekspertlərlə həmsöhbət olub.

“Kirayə bazarında rəqabət güclənib”

NOCOMMENT report-a istinadən xəbər verir ki, onlardan biri Elnur Azadov hesab edir ki, bu il bağların kirayə qiymətləri ötən illə müqayisədə aşağı olacaq: “Son 2-3 ildə Azərbaycanda bağ evlərinin tikilməsinə xeyli investisiya qoyulub, iş adamları bu sahədə fəallıq göstəriblər. Son nəticədə kirayə bazarı bir ilə təxminən 10% böyüyüb və bazarda rəqabət güclənib. Odur ki, bu il qiymətlərin ötən illə müqayisədə aşağı olacağı gözlənilir”.

Onun fikrincə, hazırda torpaq sahəsi alıb, orada bağ evi tikmək sərfəli deyil: “Ən yaxşısı köhnə bağ evini alıb, onu təmir etməkdir. Çünki evin inşası hazırda baha başa gələr. Tikinti materiallarının qiymətləri azı 15-20% artıb. Hesab edirəm, yaxın illərdə bu sahəyə yatırım etmək sərfəli olmayacaq”.

“Pandemiyanın səngiməsi bağ evlərinə tələbatı azaldıb”

Digər ekspert Elnur Fərzəliyev isə deyir ki, bağ evlərinə tələbatın pik həddi koronavirus (COVID-19) pandemiyasının kəskin vaxtlarında olub, hazırda isə yoluxma ilə bağlı vəziyyət sabitləşdiyindən bağ evlərinə tələbat azalıb: “Qapanmalar olanda, rayonlara gediş-gəliş olmayanda azacıq imkanı olan hər kəs bağ evi kirayə götürürdü. Həmin vaxt da kirayə qiymətləri fantastik dərəcədə artmışdı. İndi isə qiymətlərdə azalma müşahidə edilir, çünki əvvəlki kimi tələbat yoxdur.

Bağ mövsümündə evləri kirayəyə daha çox rieltorlar götürür, daha sonra özləri günlük və yaxud həftəlik kirayə verirlər və qazanc əldə edirlər”.

E.Fərzəliyev bağ evlərinin kirayə qiymətlərinin hansı intervalda dəyişdiyini də açıqlayıb: “Günlük qiymətlər 70 manatdan 500 manata qədər, aylıq qiymətlər isə 500 manatdan 10 000 manata qədər dəyişir. Əvvəllər, hamı istəyirdi ki, bağ dənizə yaxın olsun, yaşıllıq olsun. Dənizə də çıxış var idi. Hazırda isə dənizin ətrafı çox yerdə bağlıdır. Ümumiyyətlə, bağ evlərinin əksəriyyəti hər tərəfi hasar olan evlərdir. Əvvəl nəzərdə tutduğumuz bağ evlərindən söhbət gedə bilməz. Adi həyət evi sayılır. İnsanlar təbiət istəyir, buna görə də daha çox bölgələrə üz tuturlar. Bu gün bölgələrdə həyət evlərinin kirayə qiymətləri Bakıdakı bağ evlərinin kirayə qiymətlərinə yaxındır”.