Azərbaycanda son illərdə bəzi xəstəliklər üzrə xəstələnənlərin sayında nəzərəçarpacaq artım müşahidə edilir.
NOCOMMENT.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bəzi xəstəliklər üzrə xəstələnənlərin sayında son 10 ildə 2 dəfədən, bəzilərində isə 50 faizdən çox artım qeydə alınıb.
Xəstələnənlərin sayında daha çox artım sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəliklərində olub. Bu xəstəliklə bağlı müalicə alanların sayı on il ərzində 2,73 dəfə artaraq 58,4 min nəfərə çatıb. On il öncə 21,4 minə yaxın şəxs bu xəstəlikdən müalicə almışdı.
Göz və gözün əlavə aparatının xəstəlikləri üzrə xəstələnənlərin sayında böyük artım müşahidə edilib. Gözlə bağlı xəstələnənlərin sayı 10 ildə 2,35 dəfə artıb. Əvvəllər 51,15 min nəfərdə qeydə alınan xəstəlik ötən il 120 min insanda qeydə alınıb.
Psixi və davranış pozuntularından əziyyət çəkənlərin sayında da ciddi artım var. Əvvəllər bir ildə 10,8 min nəfər bu xəstəliklə əlaqədar müalicə almışdısa, ötən il 22,3 min insan eyni xəstəlikdən müalicə alıb. Cəmi 10 ildə psixi və davranış pozuntularından əziyyət çəkənlərin sayı 2,06 dəfə artıb.
İnfeksion və parazitar xəstəliklərdən əziyyət çəkənlərin də sayı sürətlə artır. On illik dövrdə adıçəkilən xəstəlikdən müalicə alanların sayı 112 mindən 206 minə qədər artıb. Müqayisə edilən dövrdə bu xəstəliyin daşıyıcılarının sayında 1,84 dəfə artım baş verib.
Qan dövranı sistemi xəstəliyi üzrə xəstələnənlərin sayında ciddi dəyişiklik var. 2013-cü ildə 130 min insan bu xəstəliyə görə müalicə alıbsa, ötən il həmin xəstəlik üzrə xəstələnənlərin sayı 212 mini ötüb. Yəni son 10 ildə qan dövranı sistemi xəstəliyindən əziyyət çəkənlərin sayı 1,63 dəfə artıb.
Azərbaycan əhalisi daha çox tənəffüs sistemi xəstəliklərinə tutulur. Son 10 ildə bu xəstəliyə tutulanların sayındakı artım sürəti digərlərindən az olub. Amma mütləq mənada digərini ötüb. On il ərzində tənəffüs sistemi xəstəliklərinə tutulanların sayı 731 mindən 964 minə qədər artıb. Bu müddətdə tənəffüs sistemi xəstəliklərinə tutulanların sayı 233 min nəfər, yaxud 32 faiz artıb.
Azərbaycanda sidik-cinsiyyət sisteminin xəstəlikləri də ciddi problem kimi qarşıya çıxır. Bu xəstəlikdən əziyyət çəkənlərin sayında da davamlı artım var. On il öncə 90 min insan xəstəlikdən müalicə alıbsa, ötən il 154 mindən çox insan müalicə alıb. Son 10 ildə sidik-cinsiyyət sisteminin xəstəliklərindən əziyyət çəkənlərin sayı 64 min nəfər, yaxud 71 faizdən çox artıb.
Qeyd edək ki, son 10 ildə Azərbaycan əhalisinin sayı cəmi 7,8 faiz artıb. Yuxarıda adıçəkilən xəstəliklər üzrə artım sürəti isə bundan bir neçə dəfə çoxdur. Müqayisə onu göstərir ki, ötən illər ərzində adıçəkilən xəstəliklərdən əziyyət çəkən insanların sayındakı artım sürəti çox yüksəkdir.